Ölkədə məktəblərin publik hüquqi şəxsə çevrilsinə başlanılacaq. Bu barədə son dövrlərdə müzakirələr gedir. Bəs bu keçid orta təhsildə mövcud olan problemləri həll edə biləcəkmi? Təhsilimiz PHŞ statusuna hazırdırmı?
Bununla bağlı Moderator.az-a danışan dosent, təhsil eksperti İlham Əhmədov bildirib ki, Nazirlər Kabineti "Ümumtəhsil məktəblərinin nümunəvi nizamnaməsi"ni təsdiq edib. Bu əsasnaməyə görə ümumtəhsil müəssisəsi ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan ibtidai, ümum orta və tam orta təhsil səviyyələri üzrə ümumtəhsil proqramlarını, habelə məktəbəhazırlığı həyata keçirən PHŞ kimi fəaliyyət edəcəkdir:
“Məktəblər dövlətin tərkib hissəsi olaraq fəaliyyət göstərən qurum kimi yox, müstəqil hüquqi şəxs statuslu qurum olacaqlar. Yəqin ki, bu qərar məktəbin idarə olunması, maliyyələşməsi və fəaliyyət mexanizmlərində ciddi dəyişikliklərə səbəb olacaq. Məktəblər PHŞ olaraq pullu dərnəklər, məşğələlər təşkil edəcək, innovativ fəaliyyətlə, sahibkarlıqla məşğul ola biləcəklər. Bu transformasiya prosesi tez və asan olmayacaq. Bu keçid uzunmüddətli prosesdir. Yəqin ki, yaxın perspektivdə müsbət nəticə əldə etmək mümkün olmayacaq. Bəs uzaq perspektivdə necə, yaxşı nəticə ola bilərmi? Bunu zaman göstərəcək. Amma universitetlərin PHŞ olması heç də yaxşı nəticə vermədi. Bu mənada məktəblərin də PHŞ olmasından yaxşı nəsə gözləmirik”.
Təhsil eksperti vurğulayıb ki, əslində məktəblərin PHŞ olmasına indi heç bir ehtiyac yox idi. Zənn edirəm ki, bu proses gələcəkdə orta təhsilin pullu olmasına xidmət edir, yəni, bu formata keçid mərhələsidir.
Onun sözlərinə görə, ənənə üzrə son 30 ildə bizim təhsil sistemində edilən hər bir yenilik, vəziyyətin daha da pisləşməsinə, yaxşının dağıdılması, əvəzində daha pisin yaranmasına səbəb olmuşdur:
“Bizim təhsil məmurları çox vaxt yaxşı ideyaları pis icra edərək, hər şeyi tərsinə qurmuşlar. Ona görə də təhsil naziri deyir ki, “bizim təhsil sanki, tərsinə qurulub”. Amma özü də bu “tərsinə qurma” prosesini uğurla davam etdirir. Təhsildə PHŞ-ə keçid prosesində əsas məsələ, bu keçidə baza yaratmaq, prosesləri düzgün layihələndirmək, düzgün qurmaq, yaxşı nəticələr əldə etməkdir. Amma reallıqda çox vaxt bunun əksini görürük. Bir neçə il əvvəl ali məktəblər hay-küylə PHŞ oldular. Amma universitetlərə bunun heç bir xeyri olmadı. Əksinə vəziyyət daha da pisləşdi. Nəticədə bəzi universitetlərdə əmək haqqı fonduna ayırmalar azaldı (ölkədə qiymətlərin davamlı artımı fonunda bunun təhsilin keyfiyyətinə təsiri danılmazdır). Səbəb bəzi rektorların universitetlərin büdcəsini istədiyi kimi xərcləməsi, həm də ETN-nin yeni yaratdığı fonda (TİF) universitetlərin məcburən xeyli əlavə ödəmələr etməsi idi (elə universitet var ki, son 3 ildə bu fonda 3 milyondan çox pul ödəyib). Əgər bu ödəmələr universitetlərin real layihələrinə, müəllimlərin maaşlarına və təhsilin inkişafına sərf olunsaydı, hər mənada daha faydalı olardı”.
İ.Əhmədov bu il təhsil üçün ayrılan büdcənin 5 milyard manata yaxın olduğuna diqqət çəkib. O qeyd edib ki, bu rəqəm əvvəlki illərlə müqayisədə 4-5 dəfə çoxdur:
“Bu büdcənin düzgün yönləndirilməsi və təyinatına uyğun xərclənməsi təhsilin inkişafı üçün çox vacibdir. Universitetlərdə maliyyələşmənin artması və onun inkişaf yönlü layihələrə istiqamətlənməsi zəruridir. Universitetlərdə elmi tədqiqatların aparılması, nəticələrin kommersiyalaşdırılması, universitetin innovasiya yönümlü fəaliyyətinin təşkili kimi məsələlər gündəmdə olmalıdır. Universitetlərimizdə xeyli problem mövcuddur. PHŞ statusuna keçid universitetlərin mövcud problemlərini həll etmək əvəzinə bu problemləri daha da dərinləşdirdi. Bu vəziyyəti belə bir müqayisə ilə təsvir edə bilərik: sanki valideyn öz övladını həyata tam hazırlamadan, ona “get özünü dolandır” deyir. Eyni ilə də, universitetlərimiz heç bir rəqabətqabiliyyətliyə, maliyyə imkanlarına, normal maddi-texniki və tədris metodiki bazaya, rəqabətədavamlı insan resurslarına sahib olmadan, onları PHŞ statusuna keçirdilər. Universitetlərimiz bu gün dövlət büdcəsindən dəstək almadan nə fəaliyyət edə, nə də inkişaf edə bilməzlər. Son illərin təcrübəsi bir daha bunu sübut etdi. Universitetlərin maliyyə imkanlarını artırqmaq üçün qəbul planının xeyli artırılması, onların maliyyə durumunu nisbətən yaxşılaşdırsa da, təhsilin, elmin keyfiyyətinə və inkişafına təsir etmədi. Artq bəzi universitetlərimiz PHŞ olaraq fəaliyyət göstərir. Bu universitetlərin yaxşı təmir olunmuş binaları olsa da, diqqətə layiq heç bir göstəricisi yoxdur. Beynəlxalq təcrübədə isə heç bir binası olmayan, yüz minlərlə tələbəsi olan, bu səbəbdən böyük gəlirlər əldə edən universitetlər az deyil. Onlar illərdir ki, uğurlu virtual universitet modeli qurmuş və keyfiyyətli təhsil xidmətləri verirlər. Biz isə hələ indi distant təhsil standartını təsdiq edirik, 25 il gecikmə ilə. Eyni zamanda, “COURSERA” şirkətinə də ildə on milyonlarla dollar pul ödəyirik, bizim vətəndaşlara onlayn peşə təlimi verdiyi üçün. Bunu 15-20 il əvvəldən bizim universitetlərdə yaratmaq mümkün deyildi? Bəlkə elə ETN-ni də PHŞ edək, bəlkə səmərəli işləməyi öyrənələr?”.
Universitetlərin yeganə gəlir mənbəyinin təhsil haqqı olduğunu deyən təhsil eksperti əlavə edib ki, reytinqli universitetlərdə təhsil haqqından gələn vəsait gəlirin 10-15%-ni təşkil edərkən, bizdə təhsil haqqı universitet büdcəsinin 99%-ni təşkil edir:
“Universitetlərimizin alternativ gəlir mənbələri yoxdur. Bu haqda heç vaxt düşünən də olmayıb. Universitetlərimiz son 30 ildə qazandıqları maliyyəni əsasən daşa-divara, təmirə yönəldib, elmə, texnologiyalara, innovasiyalara, insane kapitalının inkişafına sərmayə yatırılmayıb. Əgər bu vəsaitlər inkişaf istiqamətinə yönləndirilsəydi, bu gün universitetlərimizdə az da olsa nailiyyətlər ola bilərdi. Belə durumda universitetlər PHŞ kimi necə yaşaya bilər? Maraqlıdır, son 30 ildə bizim universitetlərimiz rəqəmsallaşmaya nə qədər vəsait xərcləyib? Bu məbləğ, Avropanın orta səviyyəli universitetinin bir ildə bu sahəyə xərclədiyi məbləğin neçə faizini təşkil edər? Təəssüf ki, son 10 ildə Azərbaycan təhsil sistemində, xüsusilə də universitetlərdə rəqəmsallaşma sahəsində heç bir ciddi dövlət proqramı həyata keçirilməyib. Bu gün ölkədə rəqəmsal inkişaf və süni intellektin inkişafı istiqamətində ciddi proqramlardan söhbət gedir. Universitetlər bu proqramların icrasında nə kimi rol oynayacaq? Yoxsa, 25 il əvvəl distant təhsilə dair edilən səhvi indi də süni intellektə qarşı edəcəyik? Universitetlərin PHŞ status, onların avtopilot rejimində, öz-özünə inkişafını təmin etmir. Əvvəlcə universitetlərin 30 il ərzində yığılan problemləri həll edilməli, maliyyə və idarəetmə sistemləri dayanaqlı forma almalı idi. Bundan sonra PHŞ statusu məsələsinə baxmaq olardı. Bu halda bəlkə də universitetlər sərbəst inkişaf edə bilərdilər. Bu gün universitetlərin ( eləsə də məktəblərin) heç bir hazırlıq işi aparılmadan, tez-tələsik PHŞ olması düzgün yanaşma deyil. Əvvəlcə universitetlərə ciddi maliyyə yatırımları edilməli, səmərəli kommersiya fəaliyyətlərinə hazırlanmalı, bu istiqamətdə strateji planlar hazırlanmalı idi. Bütün bu addımlardan sonra universitetlərin PHŞ statusuna keçməsi daha məntiqli olardı. Bu zaman universitetlər, yeni təfəkkürlü rektorların rəhbərliyi ilə innovativ, tədqiqat və sahibkar universitetlərə çevrilə bilərdilər”.
Mehin Mehmanqızı