RU

“Təhsil sistemi tərsinə qurulub, nazir də  bu prosesi uğurla davam etdirir” – Ekspertdən sərt tənqid

Ölkədə məktəblərin publik hüquqi şəxsə çevrilsinə başlanılacaq. Bu barədə  son dövrlərdə müzakirələr gedir. Bəs bu keçid  orta təhsildə mövcud  olan problemləri  həll edə  biləcəkmi?  Təhsilimiz  PHŞ statusuna  hazırdırmı? 
Bununla bağlı Moderator.az-a danışan dosent, təhsil eksperti İlham Əhmədov bildirib ki, Nazirlər Kabineti  "Ümumtəhsil məktəblərinin  nümunəvi nizamnaməsi"ni   təsdiq edib. Bu əsasnaməyə görə ümumtəhsil müəssisəsi ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan ibtidai, ümum orta və tam orta təhsil səviyyələri üzrə ümumtəhsil proqramlarını, habelə məktəbəhazırlığı həyata keçirən PHŞ  kimi fəaliyyət edəcəkdir:
“Məktəblər dövlətin tərkib hissəsi olaraq fəaliyyət göstərən qurum kimi yox, müstəqil hüquqi şəxs statuslu qurum olacaqlar. Yəqin ki, bu qərar məktəbin idarə olunması, maliyyələşməsi və fəaliyyət mexanizmlərində  ciddi dəyişikliklərə səbəb olacaq. Məktəblər PHŞ olaraq  pullu dərnəklər, məşğələlər təşkil edəcək, innovativ fəaliyyətlə, sahibkarlıqla məşğul ola  biləcəklər. Bu   transformasiya prosesi tez  və asan  olmayacaq. Bu keçid uzunmüddətli prosesdir. Yəqin ki, yaxın perspektivdə  müsbət nəticə əldə etmək mümkün olmayacaq. Bəs uzaq  perspektivdə necə, yaxşı nəticə ola bilərmi? Bunu zaman göstərəcək. Amma  universitetlərin PHŞ olması  heç də yaxşı nəticə vermədi.  Bu mənada məktəblərin də PHŞ olmasından yaxşı nəsə gözləmirik”. 
Təhsil eksperti vurğulayıb ki, əslində məktəblərin PHŞ olmasına  indi heç  bir ehtiyac yox idi. Zənn edirəm ki, bu proses  gələcəkdə orta təhsilin pullu olmasına  xidmət edir, yəni, bu formata keçid mərhələsidir.  
 
Onun sözlərinə görə,  ənənə üzrə son 30 ildə  bizim təhsil sistemində edilən hər bir yenilik, vəziyyətin daha da pisləşməsinə, yaxşının dağıdılması, əvəzində daha pisin yaranmasına  səbəb olmuşdur:
 
“Bizim təhsil məmurları  çox vaxt yaxşı ideyaları pis icra edərək, hər şeyi tərsinə qurmuşlar. Ona görə də təhsil naziri deyir ki, “bizim təhsil sanki, tərsinə qurulub”. Amma özü də bu “tərsinə qurma”  prosesini uğurla  davam etdirir. Təhsildə PHŞ-ə keçid  prosesində əsas məsələ,  bu keçidə baza yaratmaq, prosesləri  düzgün layihələndirmək, düzgün  qurmaq, yaxşı nəticələr əldə etməkdir. Amma  reallıqda çox vaxt bunun əksini görürük. Bir neçə il əvvəl ali məktəblər  hay-küylə  PHŞ oldular. Amma universitetlərə bunun heç bir xeyri olmadı. Əksinə vəziyyət  daha da pisləşdi. Nəticədə bəzi universitetlərdə əmək haqqı fonduna ayırmalar  azaldı (ölkədə  qiymətlərin davamlı artımı fonunda bunun təhsilin  keyfiyyətinə təsiri danılmazdır).  Səbəb  bəzi  rektorların universitetlərin  büdcəsini istədiyi kimi  xərcləməsi,  həm də ETN-nin yeni yaratdığı fonda (TİF) universitetlərin məcburən  xeyli əlavə ödəmələr  etməsi idi  (elə universitet var  ki, son 3 ildə bu fonda 3 milyondan çox pul ödəyib).   Əgər bu ödəmələr universitetlərin real layihələrinə, müəllimlərin maaşlarına və təhsilin inkişafına sərf olunsaydı, hər mənada daha faydalı olardı”.
İ.Əhmədov bu il təhsil üçün ayrılan büdcənin  5 milyard manata yaxın olduğuna diqqət çəkib. O qeyd edib ki, bu rəqəm əvvəlki illərlə müqayisədə 4-5 dəfə çoxdur:
 
“Bu büdcənin düzgün yönləndirilməsi və təyinatına uyğun xərclənməsi təhsilin inkişafı üçün çox vacibdir. Universitetlərdə maliyyələşmənin artması və onun inkişaf yönlü layihələrə istiqamətlənməsi zəruridir. Universitetlərdə elmi tədqiqatların aparılması, nəticələrin kommersiyalaşdırılması, universitetin innovasiya yönümlü fəaliyyətinin təşkili kimi məsələlər gündəmdə olmalıdır. Universitetlərimizdə xeyli problem mövcuddur.  PHŞ  statusuna keçid universitetlərin mövcud problemlərini həll etmək əvəzinə bu problemləri daha da dərinləşdirdi. Bu vəziyyəti belə bir müqayisə ilə təsvir edə bilərik: sanki  valideyn öz  övladını həyata  tam hazırlamadan, ona “get özünü dolandır” deyir.   Eyni ilə də, universitetlərimiz heç bir rəqabətqabiliyyətliyə, maliyyə imkanlarına, normal maddi-texniki və tədris metodiki bazaya, rəqabətədavamlı insan  resurslarına sahib olmadan, onları  PHŞ statusuna keçirdilər. Universitetlərimiz bu gün dövlət büdcəsindən dəstək almadan nə fəaliyyət edə, nə də inkişaf  edə bilməzlər. Son illərin  təcrübəsi  bir daha bunu sübut etdi. Universitetlərin maliyyə imkanlarını  artırqmaq üçün qəbul planının  xeyli artırılması,  onların maliyyə durumunu nisbətən yaxşılaşdırsa da,  təhsilin, elmin keyfiyyətinə və inkişafına  təsir etmədi. Artq bəzi universitetlərimiz  PHŞ olaraq fəaliyyət göstərir. Bu universitetlərin yaxşı təmir olunmuş binaları olsa da, diqqətə layiq heç bir göstəricisi yoxdur. Beynəlxalq təcrübədə  isə heç bir binası olmayan,  yüz minlərlə tələbəsi olan,  bu səbəbdən böyük gəlirlər əldə edən universitetlər az deyil.  Onlar illərdir ki, uğurlu virtual universitet modeli qurmuş və  keyfiyyətli təhsil xidmətləri verirlər.  Biz isə hələ indi distant təhsil  standartını  təsdiq edirik,  25 il gecikmə ilə.  Eyni zamanda, “COURSERA”  şirkətinə də ildə on milyonlarla dollar pul ödəyirik, bizim vətəndaşlara  onlayn  peşə təlimi verdiyi üçün. Bunu 15-20 il əvvəldən bizim universitetlərdə yaratmaq mümkün deyildi? Bəlkə  elə ETN-ni  də PHŞ edək, bəlkə səmərəli işləməyi öyrənələr?”.
 
Universitetlərin yeganə  gəlir mənbəyinin təhsil haqqı olduğunu deyən təhsil eksperti  əlavə edib ki, reytinqli universitetlərdə təhsil haqqından gələn vəsait gəlirin 10-15%-ni  təşkil edərkən, bizdə təhsil haqqı universitet büdcəsinin 99%-ni  təşkil edir:
 
“Universitetlərimizin alternativ gəlir mənbələri yoxdur. Bu haqda heç vaxt düşünən də  olmayıb.  Universitetlərimiz son 30 ildə qazandıqları  maliyyəni əsasən daşa-divara, təmirə yönəldib, elmə, texnologiyalara, innovasiyalara, insane kapitalının inkişafına  sərmayə yatırılmayıb. Əgər bu vəsaitlər inkişaf  istiqamətinə yönləndirilsəydi, bu gün universitetlərimizdə az da olsa nailiyyətlər ola bilərdi.  Belə durumda universitetlər PHŞ kimi necə yaşaya bilər? Maraqlıdır,  son 30 ildə bizim universitetlərimiz rəqəmsallaşmaya nə qədər vəsait xərcləyib? Bu məbləğ, Avropanın orta səviyyəli universitetinin bir  ildə bu sahəyə xərclədiyi məbləğin neçə faizini təşkil edər? Təəssüf ki, son 10 ildə Azərbaycan təhsil sistemində, xüsusilə də universitetlərdə  rəqəmsallaşma sahəsində heç bir ciddi dövlət proqramı həyata keçirilməyib. Bu gün ölkədə  rəqəmsal inkişaf və süni intellektin inkişafı istiqamətində ciddi proqramlardan söhbət  gedir. Universitetlər bu proqramların icrasında nə kimi rol oynayacaq?  Yoxsa, 25 il əvvəl distant təhsilə dair edilən səhvi indi də süni intellektə qarşı edəcəyik? Universitetlərin  PHŞ status, onların avtopilot rejimində, öz-özünə inkişafını təmin etmir. Əvvəlcə universitetlərin   30 il ərzində yığılan problemləri həll edilməli,   maliyyə və idarəetmə sistemləri dayanaqlı forma almalı idi. Bundan  sonra PHŞ  statusu  məsələsinə baxmaq olardı. Bu halda  bəlkə də universitetlər  sərbəst inkişaf edə bilərdilər.  Bu gün  universitetlərin ( eləsə də məktəblərin)  heç bir hazırlıq işi aparılmadan,  tez-tələsik PHŞ olması düzgün yanaşma deyil. Əvvəlcə  universitetlərə  ciddi maliyyə yatırımları edilməli, səmərəli kommersiya fəaliyyətlərinə hazırlanmalı,   bu istiqamətdə strateji planlar hazırlanmalı idi. Bütün bu addımlardan sonra universitetlərin PHŞ statusuna keçməsi daha məntiqli olardı. Bu zaman universitetlər, yeni təfəkkürlü rektorların rəhbərliyi ilə  innovativ, tədqiqat və sahibkar universitetlərə çevrilə bilərdilər”.
 
Mehin Mehmanqızı
 
 
 
 
Избранный
0
moderator.az

1Источники