Sherg.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Valideynlərin bu dərəcədə məsuliyyətsiz və səhlənkar olması dəhşətdir
Uşağa yemək bişirməyə ərinir, hazır yeməklər alır, “Bolt”dan sifariş edir, dönər, pizza. Bunlar uşaqların evini yıxır
“Körpəlikdə ana südü ilə qidalanmayanlarda orqanizm zəif və həssas olduğu üçün piylənmə ehtimalı da yüksək olur”
Piylənmənin qarşısını erkən yaşlarda yaxşı vərdişlər formalaşdırmaqla almaq olar. Tərəvəz və meyvələri ehtiva edən balanslaşdırılmış pəhriz uşaqlarda piylənmənin qarşısını almağa kömək edir. Onları hər nahar zamanı yemək məsləhətdir.
“Medicina” xəbər verir ki, həkim Yelena İqnatikova piylənmənin necə başladığından danışıb.
“Uşaqlar üçün rəngarəng tərəvəz və meyvələri seçin – yerkökü, şirin kartof, brokoli, bolqar bibəri, badımcan – nə qədər çox rəng olarsa, bir o qədər yaxşıdır”, - deyən həkim qeyd edib ki, düzgün yemək sağlamlığın yarısıdır. Həm də daha çox hərəkət etmək lazımdır.

Pediatr Vaqif Qarayev “Sherg.az”a açıqlamasında qeyd etdi ki, rusiyalı həkimin söylədiklərini pasiyentlərinə hər gün deyir:
- Bizim xalqda belə bir yanlış təsəvvür formalaşıb ki, uşaq kökdürsə, deməli, sağlamdır, arıqdırsa, mütləq “xəstədir”. Uşaq və ya böyük, insanın sağlamlığı bədən çəkisi ilə boy uzunluğunun nisbəti ilə ölçülür. Bədən kütləsi boy ölçüsünün kvadratına bölünür. 18.5-dən aşağı göstərici zəif, 18.5-24.9 normal, 25-dən 30-a qədər artıq çəki hesab edilir, piylənmə riski var, deməkdir. 30-dan yuxarı göstərici isə diabet riskinin yüksək olması deməkdir. Bunu hər bir valideyn özü də təyin edə bilər, uşaqda piylənmə var, ya yox. Piylənmə, insanın qəbul etdiyi kalorinin sərf etdiyi kaloridən daha çox olduğu halda yaranır. Bədən kütlə indeksi 30-u keçirsə, bu, artıq çəki, piylənmə problemidir. Xüsusilə qarın nahiyəsi və daxili orqanların piylənməsi ilə xarakterizə olunan bu vəziyyət, ürək-damar xəstəlikləri və bununla bağlı olaraq damar tıxanıqlığı, insult və xolesterin səviyyəsinin artmasına səbəb ola bilər. Bundan əlavə, tənəffüs çatışmazlığı ilə nəticələnə bilər, bu da həyati risk deməkdir. Piylənmə nədən yaranır? Keyfiyyətsiz və qeyri-sağlam qidalanma, hərəkətsizlik, oturaq həyat tərzi, zərərli vərdişlər, spirtli içki, alkoqol... Bunlar məlumdur. Uşaqlara gəlincə, yağlı yeməklər, transyağlar, abur-cubur – çipsi, kreker, jelatin tərkibli şirniyyatlar, “toys-moys”, ozmo-filan, tərkibində kimyəvi qatqılar olan atışdırmalıqlar. "Fast-food", burgerlər, kartof fri, qazlı içkilər... Gündəlik əksər uşaqların istifadə etdiyi bu ziyanlı qidalar uşaqlarda müxtəlif xəstəliklərin, mədə-bağırsaq pozuntularının, o cümlədən də piylənmənin yaranmasına səbəb olur. Uşaqlar çox az hərəkət edir, idman hərəkətləri etmirlər, günün 24 saatının, bəlkə də, 20-ni smartfonla keçirirlər. Əvvəllər kompüter arxasında əyləşirdilər, əllərində planşet tuturdular, indi daha “asan” yol var – mobil telefon, smartfon. Yerindən qalxmır uşaq, oturduğu yerdə yeyir, gözünü telefondan ayırmır, oturduğu yerdə də yatır. Uşaqların üzünə diqqətlə baxın, çoxunun üz-gözündən yorğunluq yağır. Dərslər bir tərəfdən, hərəkətsiz həyat tərzi bir tərəfdən uşaqları yorur, sağlamlıqlarına zərbə vurur. Bunu valideyn niyə görmür? Valideynlərin bu dərəcədə məsuliyyətsiz və səhlənkar olması dəhşətdir. Bu, sənin övladındır, onun gələcəyini niyə baltalayırsan?!. Deyirlər, indi dünya belədir, müasir yaşayış tərzidir, filan.... Boş söhbətdir. Valideyn istəsə, səy göstərsə, övladını mümkün qədər sağlam böyüdər. Bütün valideynlər işçi deyil, səhər gedib axşam gəlmirlər. Evdar xanımlar da tənbəlləşib, uşağa yemək bişirməyə ərinir, hazır yeməklər alır, “Bolt”dan sifariş edir, dönər, pizza. Bunlar uşaqların evini yıxır. Uşağa nə versən, onu yeyəcək. Bədbəxt edirlər uşaqları. Ana südünün xüsusi əhəmiyyəti var. Körpəlikdə ana südü ilə qidalanmayanlarda orqanizm zəif və həssas olduğu üçün piylənmə ehtimalı da yüksək olur.
Pediatr qeyd etdi ki, böyüklər də öz sağlamlıqlarına səhklənkar yanaşır:
- Piylənmə ciddi bir sağlamlıq problemidir. Müasir həyatın gətirdiyi vərdişlər səbəbindən hər keçən gün daha da geniş yayılır. Ortalama ömür müddətinin uzanması ilə çəki problemi insanların həyat keyfiyyətini azaldaraq fiziki hərəkət qabiliyyətində və sosial həyatlarında çətinliklər yaradır. Buna görə də mütləq müalicə olunması vacib olan bir xəstəlik kimi qəbul edilir. Bel nahiyəsində piylənmənin artması, yuxu apnesi, xoruldama və yuxu rejiminin pozulması, həddindən artıq tərləmə meyli, tez yorulma və tənəffüs çatışmazlığı, günlük fiziki fəaliyyətlərdə çətinlik çəkmə, davamlı halsızlıq və yorğunluq hissi, dəridə infeksiyalar, sızanaqlar və ya qıcıqlanma problemləri, bel, kürək və oynaq ağrıları, ayaq ağrıları, depressiya, sosial həyatdan uzaqlaşma kimi psixoloji problemlər, isti mühitlərə qarşı həddindən artıq dözümsüzlük, bunlar hamısı piylənmə əlamətləridir. Bu da dediyim kimi ən çox hərəkətsiz həyat tərzi və balanssız qidalanma nəticəsində ortaya çıxır. Piylənməyə hormonal və metabolik problemlər, genetik meyillilik, psixoloji problemlər də səbəb olur. Arıqlamaq üçün tez-tez az kalorili pəhriz saxlayanlarda yaş irəlilədikcə metabolizma sürəti təbii olaraq azalır. Tez-tez aşağı kalorili pəhrizlərin təkrar tətbiqi isə bu yavaşlamağı daha da artırır və pəhrizdən sonra sürətli çəki artımına səbəb olur və piylənmə riskini yüksəldir.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.