AZ

Müasir müstəqil Azərbaycan Ulu Öndər Heydər Əliyevin şah əsəridir

Mayın 10-u müasir Azərbaycan dövlətçiliyinin memarı, xalqımızın müdrik lideri, dünya siyasətində silinməz iz qoymuş tarixi şəxsiyyət, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. Bu əlamətdar tarix həm də dövlətçilik ideyalarının, siyasi uzaqgörənliyin və milli dirçəliş iradəsinin rəmzi kimi dəyərləndirilir.

Ümummilli Lider Heydər Əliyevin Azərbaycan SSR-ə rəhbərlik etdiyi dövr sistemli islahatlara və planlı inkişaf strategiyasına əsaslanan sürətli inkişaf mərhələsi kimi xarakterizə olunur. Totalitar rejimin ideoloji qadağalarına rəğmən həmin dövrdə Ulu Öndər Azərbaycan xalqının milli kimliyini, dilini, mədəniyyətini və mənəvi dəyərlərini cəmiyyətin əsas dayaqlarına çevirmişdir. Onun rəhbərliyi ilə Azərbaycan həm iqtisadi göstəricilər, həm də elmi-texniki tərəqqi, sənaye quruculuğu, mədəni yüksəliş və milli kadr potensialının formalaşması baxımından Sovet respublikaları arasında üstün mövqeyə yüksəlmişdir. Bu mərhələ, eyni zamanda, milli şüurun möhkəmlənməsinə və gələcək müstəqillik düşüncəsinin formalaşmasına şərait yaratmışdır.

Dahi Lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət Azərbaycanın sənaye sektorunun da güclənməsinə şərait yaratmışdır. SSRİ-nin müxtəlif respublikalarına ixrac olunan məhsullar Azərbaycanın sənaye potensialını və iqtisadi gücünü nümayiş etdirərək ölkənin inkişafında mühüm rol oynamışdır.

Ulu Öndər Heydər Əliyevin respublikamızın sosial-iqtisadi inkişafı ilə yanaşı, milli kadr potensialının formalaşdırılmasına xüsusi diqqət ayırması onun uzaqgörən siyasətinin bariz nümunəsi idi. O dövrdə minlərlə azərbaycanlı gəncin SSRİ-nin nüfuzlu ali məktəblərində, xüsusilə Moskva və Leninqrad kimi mərkəzlərdə təhsil alması üçün dövlət tərəfindən sistemli şərait yaradılmışdı. Nəticədə, bu siyasət sayəsində formalaşan yüksək ixtisaslı kadrlar Azərbaycanın müstəqillik illərində müxtəlif sahələrdə aparıcı rol oynadılar. Bu amillər Ümummilli Liderin gələcəyə yönəlmiş dövlətçilik strategiyasının əyani göstəricisi kimi təqdir olunur.

Ümummilli Liderin rəhbərliyi ilə Azərbaycanın dil siyasəti ön planda tutulmuş, milli dəyərlərin qorunmasına xüsusi diqqət yetirilmişdir. 1978-ci ildə Azərbaycan SSR Konstitusiyasına Azərbaycan dilinin dövlət dili kimi daxil edilməsi Ümummilli Lider Heydər Əliyevin siyasi iradəsinin bariz nümunəsi idi. Bu faktor milli ideologiyanın əsaslarını möhkəmləndirən cəsarətli bir addım olaraq dəyərləndirildi. Dilin hüquqi statusunun rəsmiləşdirilməsi təhsil və mədəniyyət sahələrində ana dilinin geniş şəkildə tətbiqinə, milli mədəniyyətin inkişafına və özünüdərk prosesinin güclənməsinə mühüm təsir göstərdi.

1982-ci ildə SSRİ rəhbərliyində yüksək vəzifəyə – Nazirlər Soveti sədrinin birinci müavini postuna irəli çəkilən Ulu Öndər Heydər Əliyev Moskvada Azərbaycanın xeyrinə olan məsələlərin həllində fəal şəkildə iştirak etmişdir. Ümummilli Lider respublikamız üçün yeni iqtisadi imkanların yaradılmasına, iri layihələrin təsdiqlənməsinə və maliyyə resurslarının cəlb olunmasına nail olmuşdur. Onun fəaliyyətində dövlətçilik maraqları hər zaman ön planda idi.

SSRİ-nin süqutu ilə müstəqilliyini bərpa edən Azərbaycanda 1990-cı illərin əvvəlləri dərin siyasi böhranla müşayiət olunurdu. Həmin dövrdə idarəetmədə xaos, vətəndaş qarşıdurması, separatçılıq meyilləri və Dağlıq Qarabağ münaqişəsinin alovlanması ölkəmizə ciddi təhlükələr yaratdı. Dövlət institutları iflic vəziyyətinə düşmüş, yeni müstəqillik qazanmış respublikamız parçalanmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Belə bir taleyüklü məqamda xalqın təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyev siyasi hakimiyyətə qayıtdı. Onun rəhbərliyi ilə qısa müddətdə ölkədə sabitlik təmin olundu, vətəndaş qarşıdurmasının qarşısı alındı, hüquqi və institusional islahatlara başlanıldı. Uzaqgörən və praqmatik siyasət nəticəsində dövlətçiliyin əsasları möhkəmləndirildi, Azərbaycanın beynəlxalq arenada etibarlı tərəfdaş imici formalaşdı və gələcək inkişaf üçün möhkəm təməl yaradıldı. Ulu Öndərin siyasi iradəsi, zəngin təcrübəsi və xalqla sıx bağlılığı sayəsində Azərbaycan ağır böhrandan çıxaraq sabitlik və tərəqqi yoluna qədəm qoydu. Bu dövr müasir dövlətçilik tariximizdə fundamental əsasların formalaşdığı və strateji istiqamətlərin müəyyənləşdirildiyi mühüm bir mərhələ kimi xüsusi əhəmiyyətə malikdir.

Həmçinin, 1994-cü il mayın 12-də məhz Ümummilli Liderin gərgin səyləri nəticəsində Birinci Qarabağ müharibəsində atəşkəs sazişi imzalandı, münaqişəsinin dinc yolla nizama salınmasına dair danışıqlara başlandı. Sülh danışıqları ilə yanaşı, ordunun müasir silah və texnologiyalarla təchiz edilməsi, hərbi hazırlığın artırılması istiqamətində bir sıra önəmli islahatlar həyata keçirildi. Dövlət sərhədlərinin qorunması və milli təhlükəsizliyin təmin olunması vəzifəsi hər zaman ön planda saxlanıldı. Eyni zamanda, ölkəmizin regional və qlobal təhlükəsizlik məsələlərində etibarlı tərəfdaş kimi tanınmasına şərait yarandı.

1994-cü il sentyabrın 20-də Bakıda dünyanın tanınmış neft şirkətləri ilə imzalanan “Əsrin müqaviləsi” regionda, eləcə də postsovet məkanında qarşılıqlı etimadın və geniş əməkdaşlığın təməlini qoydu. Məhz bu müqavilə ölkəmizin neft-qaz sənayesinin, ümumilikdə, Azərbaycanın sürətli inkişafının təmin edilməsi istiqamətində atılan mühüm addımların fövqündə dayanır.

12 noyabr 1995-ci il tarixində Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə keçirilən ümumxalq referendumu nəticəsində müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul olundu. Bu mühüm siyasi hadisə ölkənin hüquqi əsaslarını müəyyənləşdirməklə yanaşı, demokratik idarəetmə prinsiplərinin tətbiqinə, insan hüquq və azadlıqlarının təminatına, dövlət quruculuğunun müasir əsaslar üzərində formalaşmasına zəmin yaratdı. Referendum xalqın iradəsinin ifadəsi olaraq milli dövlətçilik tarixində mühüm dönüş nöqtəsinə çevrildi.

Dahi Lider Heydər Əliyevin həyata keçirdiyi xarici siyasət strategiyası Azərbaycanın beynəlxalq aləmdə mövqeyini möhkəmləndirməklə ölkəmizin dünya birliyinə inteqrasiyasını təmin etmişdir. Xüsusilə nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlığın qurulması ölkəmizin qlobal arenada hüquqi və siyasi mövqeyinin güclənməsinə, eyni zamanda, milli maraqların qorunmasına mühüm töhfələr vermişdir. Bütün bu amillər regionda etibarlı tərəfdaş kimi nüfuz qazanan Azərbaycanı dünyanın əsas geosiyasi mərkəzlərindən birinə çevirmişdir.

Bakı-Tbilisi-Ceyhan neft kəməri və Bakı-Tbilisi-Ərzurum qaz kəməri Ümummilli Lider Heydər Əliyevin uzaqgörən enerji siyasətinin parlaq təzahürüdür. Bu layihələr Ulu Öndərin təşəbbüsü və siyasi iradəsi sayəsində reallaşaraq Azərbaycanın enerji resurslarının dünya bazarlarına çıxarılmasında mühüm rol oynamışdır. Məhz bu strateji infrastruktur layihələr ölkəmizin geosiyasi əhəmiyyətini artırmış, regionda enerji təhlükəsizliyinin təmin edilməsinə və beynəlxalq əməkdaşlığın genişlənməsinə güclü təkan vermişdir. Bu layihələr həm də ölkəmizin müstəqil enerji siyasəti yürütmək qabiliyyətini nümayiş etdirən əlamətdar nailiyyətlərdən hesab edilir.

Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi uzaqgörən və milli maraqlara əsaslanan siyasi kurs bu gündə Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Müzəffər Ali Baş Komandanımızın dövlətçilik ənənələrinə sadiqliyi, strateji düşüncəyə və prinsipial mövqeyə sahib olması nəticəsində müasir Azərbaycan regionun lider dövlətinə çevrilmiş, xüsusilə 2020-ci ildə Vətən müharibəsində əldə olunan tarixi Zəfər bu siyasi xəttin məntiqi nəticəsi olmuşdur. Ölkəmizin suverenliyinin və ərazi bütövlüyünün təmin olunması, Ümummilli Liderin əsasını qoyduğu ideyaların Prezident İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirilməsinin ən parlaq təzahürüdür. Bu Zəfər dövlətçilik tariximizin qürurverici səhifəsi kimi əbədi yaşayacaqdır.

Rövşən Əhmədov,
YAP Ağcabədi rayon təşkilatının sədri

Seçilən
0
1
ikisahil.az

5Mənbələr