BAKI. 5 may. TELEQRAF
Azərbaycan Badminton Federasiyası (ABF) üçün tarixi hadisə baş verib.
Teleqraf-ın qurumun rəsmi saytına istinadən məlumatına görə, Afrikada badmintonun inkişafına böyük dəstək verən ABF Dünya Badminton Federasiyasının (BWF) illik Baş Toplantısında BWF İnklüziv-2025 mükafatına layiq görülüb.
Bildirilir ki, "Shuttle Time" kimi proqramlara töhfə verən ABF Botsvana, Cibuti, Kamerun, Qambiya və Madaqaskarı badmintonun təbliğinə dəstək məqsədilə badminton avadanlıqları - raketka və volanla təmin edib.
1962-ci ildə təsis olunan yerli federasiya beynəlxalq turnirlər, inkişaf proqramları və strateji tərəfdaşlıqla dünya badmintonun ailəsinin ən fəal üzvlərindən birinə çevrilib.
Çinin Siamen şəhərində keçirilən BWF-nin 86-cı illik Baş Toplantısında ABF prezidenti Taleh Ziyadov Dünya Badminton Federasiyası Şurasına Avropadan 4 il müddətinə üzv seçilib. 143 ölkə, 744 milyon badminton azarkeşi və 400 milyon badminton oyunçusunu təmsil edən BWF-nin İllik Toplantısında tailandlı Kunyinq Patama Lisvadtrakul 4 il müddətinə quruma prezident seçilib.
Azərbaycan Dünya Badminton Federasiyası reytinqində 85-ci pillədən 46-cı pilləyə yüksəlib. Azərbaycan beynəlxalq badminton tədbirlərinə - 2023-cü ildə Avropa Badminton Konfederasiyasının Konqresi və 2025-ci ildə qarışıq komandaların Avropa çempionatına yüksək səviyyədə ev sahibliyi edib.