Bakı, 5 may, AZƏRTAC
Ötən müddət ərzində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən mikro və kiçik sahibkarlara 200-dən çox startap şəhadətnaməsi verilib. Onların arasında səhiyyə müəssisələrində elektron idarəetmənin təşkili, tibbi xidmətlərin mobil tətbiqlər üzərindən göstərilməsi, ekoloji standartlara uyğun fəaliyyətin proqram təminatı ilə idarə olunması, eləcə də tibbi xidmətlərə qeydiyyat, nəzarət və analiz imkanlarını əhatə edən rəqəmsal platformaların inkişafını nəzərdə tutan layihələr də mövcuddur.
AZƏRTAC xəbər verir ki, bunu KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov “Azərbaycan əczaçılıq sənayesi: dünən, bu gün və sabah” adlı beynəlxalq tədbirdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, əczaçılıq sənayesinin inkişafında dövlət dəstəyi ilə yanaşı özəl sektorun təşəbbüsləri də həlledici əhəmiyyət daşıyır.
“Sahibkarların bu sahəyə marağı, yeni investisiyaların cəlb olunması, istehsal imkanlarının genişləndirilməsi baxımından çox vacibdir. Dövlətin yaratdığı şərait özəl sektorun bu sahədə fəallaşmasına və yerli istehsalın gücləndirilməsinə töhfə verməyə imkan verir. Bu gün Azərbaycan bazarında dərman vasitələri ilə təminat əsasən idxal hesabına həyata keçirilir. Həmin amil bir tərəfdən idxaldan asılılığa işarə etsə də, digər tərəfdən ölkəmizdə əczaçılıq sənayesinin inkişafı üçün böyük imkanların olduğunu göstərir. Belə ki, daxili tələbatın hələ tam qarşılanmaması bu sahədə yeni istehsal sahələrinin qurulması, yerli sahibkarların təşəbbüslərinin dəstəklənməsi baxımından real fürsətlər yaradır. Çünki istehsal ediləcək məhsullar üçün alıcı axtarışlarına çıxmağa ehtiyac qalmayacaq. Əldə olan imkanlardan səmərəli istifadə etməklə, ilkin mərhələdə daxili bazarın ehtiyaclarını qarşılamaq, daha sonra isə ixrac potensialı üzərində düşünmək lazım gələcək. Bu yanaşma həm sahibkarlar üçün geniş fəaliyyət meydanı açır, həm də ölkənin dərman təhlükəsizliyi və iqtisadi dayanıqlığı baxımından strateji əhəmiyyət daşıyır”, - deyə O.Məmmədov vurğulayıb.
KOBİA sədrinin sözlərinə görə, Azərbaycanda tibbi məhsullar istehsal edən müəssisələrin yaradılması ölkənin tibb sənayesinin inkişafı və qeyri-neft sektorunun payının artması mühüm əhəmiyyət kəsb edir: “Həmçinin əczaçılıq sektorunun inkişafı ölkəmizdən valyuta axının azalmasına, yeni sərmayələrin cəlb edilməsinə də xidmət edəcək. Odur ki, bu gün sahibkarlarımız yalnız mənfəət əldə etməklə deyil, eyni zamanda, ölkəmizin dərman təhlükəsizliyinin təmin olunmasına, əhalinin sağlamlığının qorunmasına və ölkənin ixrac portfelinin şaxələndirilməsinə mühüm töhfələr verməlidirlər. Bildirmək istərdim ki, KOBİA ictimai nəzarətin təmin olunmasında, işgüzar dairələrin məlumatlandırılmasında, biznesin müxtəlif sahələri üzrə ictimai fikrin öyrənilməsində maraqlıdır. Bununla əlaqədar, mütəmadi olaraq KOBİA-nın təşkilatçılığı ilə iqtisadiyyatın müxtəlif sektorlarında fəaliyyət göstərən biznes subyektlərinin, müvafiq dövlət qurumlarının və vətəndaş cəmiyyəti institutlarının iştirakı ilə görüşlər keçirilir”.