Son illərdə Azərbaycanda həyata keçirilən uğurlu iqtisadi siyasət əhaliyə göstərilən tibbi xidmətlərin müasir standartlara çatdırılmasına, eləcə də bu sistemin maddi-texniki bazasının möhkəmləndirilməsinə əlverişli zəmin yaradıb.
Bu barədə "Azərbaycan əczaçılıq sənayesi: dünən, bu gün və sabah" adlı tədbirdə çıxış edərkən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.
Onun sözlərinə görə, əczaçılıq sənayesinin inkişafında dövlət dəstəyi ilə yanaşı, özəl sektorun təşəbbüsləri də həlledici əhəmiyyət daşıyır: “Sahibkarların bu sahəyə marağı, yeni investisiyaların cəlb olunması istehsal imkanlarının genişləndirilməsi baxımından çox vacibdir. Dövlətin yaratdığı şərait imkan verir ki, özəl sektor bu sahədə fəallaşsın və yerli istehsalın gücləndirilməsinə töhfə versin".
Orxan Məmmədov əlavə edib ki, bu gün Azərbaycan bazarında dərman vasitələri ilə təminat əsasən idxal hesabına həyata keçirilir. Bu amil bir tərəfdən idxaldan asılılığa işarə etsə də, digər tərəfdən ölkəmizdə əczaçılıq sənayesinin inkişafı üçün böyük imkanların olduğunu göstərir: “Daxili tələbatın hələ tam qarşılanmaması bu sahədə yeni istehsal sahələrinin qurulması, yerli sahibkarların təşəbbüslərinin dəstəklənməsi baxımından real fürsətlər yaradır. Çünki istehsal ediləcək məhsullar üçün alıcı axtarışlarına çıxmağa ehtiyac qalmayacaq. Əldə olan imkanlardan səmərəli istifadə etməklə, ilkin mərhələdə daxili bazarın ehtiyaclarını qarşılamaq, daha sonra isə ixrac potensialı üzərində düşünmək lazım gələcək. Bu yanaşma həm sahibkarlar üçün geniş fəaliyyət meydanı açır, həm də ölkənin dərman təhlükəsizliyi və iqtisadi dayanıqlığı baxımından strateji əhəmiyyət daşıyır".
Orxan Məmmədov qeyd edib ki, Azərbaycanda tibbi məhsullar istehsal edən müəssisələrin yaradılması ölkənin tibb sənayesinin inkişafı və qeyri-neft sektorunun payının artması baxımından mühüm əhəmiyyət kəsb edir. Həmçinin əczaçılıq sektorunun inkişafı ölkədən valyuta axının azalmasına, yeni sərmayələrin cəlb edilməsinə də xidmət edəcək.
"Odur ki, bu gün sahibkarlarımız ölkəmizin dərman təhlükəsizliyinin təmin olunmasına, əhalinin sağlamlığının qorunmasına və ölkənin ixrac portfelinin şaxələndirilməsinə mühüm töhfələr verməlidirlər", - Orxan Məmmədov bildirib.