Daşkəsəndə şəhid atası meşədə itkin düşüb.
“Qafqazinfo” xəbər verir ki, rayonun Bayan kəndində məskunlaşmış Kəlbəcər rayonundan olan məcburi köçkün, şəhid atası, 1952-ci il təvəllüdlü Abdullayev Kamil Mahmud oğlu dünən saat 17:00 radələrində kənd ərazisindəki meşəyə bitki yığmağa gedib, evə qayıtmayıb.
Bildirilib ki, o, son olaraq dünən axşam saatlarında qızı ilə əlaqə saxlayıb və evə gələcəyini deyib. Lakin daha sonra K.Abdullayevdən xəbər almaq mümkün olmayıb.
DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov sorğumuza cavab olaraq bildirib ki, hazırda K.Abdullayevin yerinin müəyyən edilərək tapılması istiqamətində polis tərəfindən tədbirlər həyata keçirilir.
Qeyd edək ki, Kamil Abdullayev Birinci Qarabağ müharibəsi şəhidi Şəhriyar Abdullayevin atasıdır.