Mayın 4-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı Marafonu 2025” keçirilib.Metbuat.az xəbər verir ki, “Küləyə qalib gəl” şüarı ilə təşkil edilən yarışda 28 minədək iştirakçı qeydiyyatdan keçib. Artıq 8-ci dəfədir keçirilən Bakı Marafonuna tanınmış siyasi-ictimai, incəsənət xadimləri, ziyalılar qoşulub. Ümumilikdə marafonun 200-dən çox rəsmi və fəxri iştirakçısı olub.Marafona Azərbaycan vətəndaşları ilə yanaşı, ölkəmizdə yaşayıb-çalışan əcnəbilər də qatılıblar, həmçinin digər ölkələr - Almaniya, Amerika Birləşmiş Ştatları, Avstraliya, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, Fransa, Hindistan, İspaniya, İtaliya, Kanada, Niderland, Özbəkistan, Polşa, Rusiya, Türkiyə, Ukraynadan və digərlərindən qoşulanlar olub.Marafona səhər saat 10-da start verilsə də, saat 7-dən etibarən Bayraq Meydanında artıq yarış əhvali-ruhiyyəsi yaşanıb. Burada yaradılan atletlər zonasında iştirakçılar üçün yarışdan əvvəl yoqa, isinmə məşqləri keçirilib, “fan zona”da DJ-lər öz bacarıqlarını göstərib, müxtəlif əyləncə və interaktiv oyunlar təşkil edilib.Start və finiş nöqtələri Dövlət Bayrağı Meydanı olan marafonun marşrutu Dənizkənarı Bulvar, o cümlədən paytaxtın mərkəzi küçə və prospektlərini, ümumilikdə 21 kilometrlik məsafəni əhatə edib.Marafonun marşrutu boyu şəhərin müxtəlif ünvanlarında da əyləncə zonaları təşkil edilib.Kişilər arasında yarışın qalibi türkiyəli Atac Sezgin olub. Ukraynalı Vitali Şafar finiş xəttini ikinci keçib. Bürünc medalı isə Türkiyənin digər təmsilçisi Murat Emekdar qazanıb.Qadınların mübarizəsində ukraynalı Natalya Semenoviç finişə hamıdan tez çatıb. Azərbaycanı təmsil edən Anna Yusupova ikinci, yaponiyalı atlet Eriko Soma üçüncü yerə layiq görülüb.Tələbələr arasında finişə hamıdan tez Azərbaycan İdman Akademiyasında təhsil alan Miyanə Xəlilova və Nihad Cabbarlı çatıblar.Paravelosipedçilərin mübarizəsində Tofiq Babayev 1-ci, Orxan Nəbiyev 2-ci, Bəhlul Əliyev 3-cü yeri tutub.Finiş xəttinə ilk çatan korporativ iştirakçı Teymur Fərəcov olub.Qaliblərə mükafat və medallar təqdim edilib.