Naxçıvan Ağır Cinayətlər Məhkəməsində İran xüsusi xidmət orqanlarına xidmət etməkdə təqsirləndirilən Naxçıvan Dövlət Universitetində təhsil alan iki iranlı tələbənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Publika.az Oxu.az-a istinadla xəbər verir ki, hakim Faiq Heydərovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə tələbələrdən biri 16, digəri isə 11 il müddətinə azadlıqdan məhrum ediliblər.
İttihama görə, İran vətəndaşları 2020-ci ildə təhsil almaq adı ilə Naxçıvana gəliblər. Onlar 2019-cu ildə İranın xüsusi xidmət orqanı olan İnformasiya və Təhlükəsizlik Nazirliyinin (ETTELAAT) nümayəndələri tərəfindən məxfi əməkdaşlığa cəlb ediliblər. Onlar Naxçıvan Muxtar Respublikasında ictimai-siyasi vəziyyət, dövlət və digər qurumların İran İslam Respublikası vətəndaşlarına olan münasibəti, dövlət sirri hesab edilən Dövlət Təhlükəsizliyi Xidmətinin Naxçıvan Muxtar Respublikasında xidmət edən əməkdaşları haqqında, həmçinin onların ailə üzvləri, Naxçıvan Dövlət Universitetində təhsil alan tələbələr barədə mümkün kəşfiyyat məlumatlarının toplanması tapşırıqları alıblar.
Onlar ifadələrində bildiriblər ki, İranda olan zaman xüsusi xidmət orqanları ilə əməkdaşlıq ediblər və məcburiyyət qarşısında qalaraq Naxçıvana gəliblər. Onlardan biri 10 yaşında cinsi zorakılığa məruz qaldığı, İranda olarkən hökumət əleyhinə mitinqlərdə iştirak etdiyi üçün xüsusi xidmət orqanları tərəfindən şantaj edilib. Həmçinin ailə üzvlərinə görə də təhdid ediliblər. Bildiriblər ki, məcbur olduqları üçün İran xüsusi xidmət orqanlarının əməkdaşlarına məlumatlar veriblər.
Plana əsasən onlar Naxçıvanda yerləşən müxtəlif hüquq-mühafizə və strateji əhəmiyyətli dövlət orqanlarının inzibati binalarının və hərbi texnikanın fotoşəkillərini çəkməli, Naxçıvanda təhsil alan iranlı tələbələr barədə məlumatlar toplamalı, həmçinin universitetdə təhsil alan vəzifəli şəxslərin övladları barədə bilgilər əldə etməli imişlər. Bundan başqa, Naxçıvanda tələbələrin Təbrizdə təhsil almağa meyilləndirmək kimi öhdəlikləri də olub.