“Komo”nun baş məşqçisi, 37 yaşlı ispan mütəxəssis Sesk Fabreqas futbolçu karyerasındakı ən yaxşı məşqçinin adını çəkib.
Arena.az “Corriere dello Sport” nəşrinə istinadən məlumat verir ki, Fabreqas futbolçu ikən “Arsenal”da çıxış edərkən, rəhbərliyi altında oynadığı fransız mütəxəssis Arsen Vengerdən razılıqla söhbət açıb:
“Venger – məni çalışdırmış məşqçilərin ən yaxşısıdır. Xüsusilə indi – mən özümün məşqçilik yolunun başlanğıcında ikən, Venger çox əhəmiyyətli simadır. O, hər oyunumdan sonra mənə yazır”, deyə Fabreqas vurğulayıb.
Xatırladaq ki, Fabreqas oyunçu olaraq futbola 1995-ci ildə “Mataro” klubunda qədəm qoyub, buradan əvvəlcə “Barselona”nın, ardınca isə “Arsenal”ın futbol akademiyasına keçib və “topçular”ın heyətində böyük futbolda debüt edib. Sonralar Fabreqas “Barselona”, “Çelsi”, “Monako” və həmçinin Knyazlıq klubunun “B” komandasında çıxış edib. 2022-ci ildə “Komo”ya keçmiş Fabreqas elə, 2023-cü ilin iyul ayında burada da futbolçu karyerasına xitam verərək, məşqçilik fəaliyyətinə başlayıb.
Fabreqas 2006-cı ilin mart ayında İspaniya yığmasında debüt edib, 110 oyun, 15 qol və 36 məhsuldar ötürmə ilə fərqlənib.
Klub qənimətləri ilə yanaşı, Fabreqas İspaniya yığması ilə 2010-c il dünya çempionatının və 2008-ci və 2012-ci illər Avropa Çempionatlarının qalibi olub.
Hazırda Sesk Fabreqas ən perspektivli mütəxəssislərdən sayılır. Futbol ölçüləri ilə gənc hesab edilə biləcək 37 yaşlı ispan mütəxəssis “Komo”nun futbol layihəsinin əsas təməlidir.
Sesk Fabreqas rəsmən 2024-cü ilin iyul ayından “Komo”nun baş məşqçisi hesab edilir. Xatırladaq ki, Fabreqas əslində 2023-cü ildən “Komo”nu çalışdırırdı. Sadəcə, ispan mütəxəssisin gərəkli məşqçilik lisenziyası yox idi. Artıq bu çatışmazlığı da aradan qaldırmış ispan mütəxəssis “Komo”nun baş məşqçisidir. Fabreqasın italyan klubu ilə müqaviləsinin müddəti 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Sesk Fabreqasın rəhbərliyi altında 2023/2024-cü illər mövsümündə keçirdiyi 38 oyunda 73 xal toplamış “Komo” B Seriyasını 2-ci pillədə başa vurub və birbaşa İtaliya A Seriyasına yüksəlib. “Komo” B Seriyasının qalibi “Parma”dan (76 xal) cəmi 3 xal geri qalıb. Son 20 ildə iki dəfə müflis olmuş Lombardiya təmsilçisi 6 mövsümdə 3-cü yüksəliş əldə etdikdən sonra 2003-cü ildən bəri ilk dəfə İtaliya A Seriyasında çıxış edir.
Rəsmi fəaliyyəti dövründə Sesk Fabreqas “Komo”nu 40 oyuna çıxarıb, 14 qələbə, 10 heç-heçə, 16 məğlubiyyət yaşayıb. “Komo”nun ispan mütəxəssisin rəhbərliyi altında top fərqi isə 53:57 nisbətindədir.
İtaliya A Seriyasının 34 turundan sonra Fabreqasın “Komo”su 42 xalla yarış cədvəlinin 11-ci pilləsində qərarlaşıb.