“Komo”nun ispan baş məşqçisi Sesk Fabreqas “Roma”nın sükanı arxasına mümkün təyinatı ilə bağlı sualı cavablayıb.
Arena.az jurnalist Alfredo Pedullanın saytına istinadən ispan mütəxəssisin müvafiq cavabını təqdim edir:
“Yeni bir xüsusdan danışa bilmərəm, çünki ortada nəsə yoxudr. Siz, məndən çox bilirsiniz. Mənim, buna əlavə edə biləcəyim nəsə yoxdur. Mənim üçün elə, burada da hər şey yaxşıdır, gələcəyimlə bağlı yeni heç nə yoxdur. Şayiələr isə məni maraqlandırmır”.
Xatırladaq ki, “Roma”nın baş məşqçisi, 73 yaşlı italyan mütəxəssis Klaudio Ranyeri cari mövsümün sonunda “canavarlar”ın sükanını təhvil verib təqaüdə yollanacaq. Odur ki, İtaliya paytaxtının təmsilçisi yeni baş məşqçi axtarışına baş vurub. Sesk Fabreqasın adı da “canavarlar”la hallanır.
Hazırda Sesk Fabreqas ən perspektivli mütəxəssislərdən sayılır. Futbol ölçüləri ilə gənc hesab edilə biləcək 37 yaşlı ispan mütəxəssis “Komo”nun futbol layihəsinin əsas təməlidir.
Sesk Fabreqas rəsmən 2024-cü ilin iyul ayından “Komo”nun baş məşqçisi hesab edilir. Xatırladaq ki, Fabreqas əslində 2023-cü ildən “Komo”nu çalışdırırdı. Sadəcə, ispan mütəxəssisin gərəkli məşqçilik lisenziyası yox idi. Artıq bu çatışmazlığı da aradan qaldırmış ispan mütəxəssis “Komo”nun baş məşqçisidir. İspan mütəxəssisin italyan klubu ilə müqaviləsinin müddəti 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Sesk Fabreqasın rəhbərliyi altında 2023/2024-cü illər mövsümündə keçirdiyi 38 oyunda 73 xal toplamış “Komo” B Seriyasını 2-ci pillədə başa vurub və birbaşa İtaliya A Seriyasına yüksəlib. “Komo” B Seriyasının qalibi “Parma”dan (76 xal) cəmi 3 xal geri qalıb. Son 20 ildə iki dəfə müflis olmuş Lombardiya təmsilçisi 6 mövsümdə 3-cü yüksəliş əldə etdikdən sonra 2003-cü ildən bəri ilk dəfə İtaliya A Seriyasında çıxış edir.
Rəsmi fəaliyyəti dövründə Sesk Fabreqas “Komo”nu 41 oyuna çıxarıb, 15 qələbə, 10 heç-heçə, 16 məğlubiyyət yaşayıb. “Komo”nun ispan mütəxəssisin rəhbərliyi altında top fərqi isə 54:57 nisbətindədir.
İtaliya A Seriyasının 35 turundan sonra “Komo” 45 xalla yarış cədvəlinin 10-cu pilləsində qərarlaşıb.