AZ

ABŞ və Ukrayna yeraltı sərvətlərlə bağlı saziş imzaladı - Əsas şərtlər nədən ibarətdir?

 
"Hasilat bölgələrində ABŞ-ın mövcudluğu Ukraynanı qoruyacaq və pis niyyətli şəxslərin müdaxiləsinin qarşısını alacaq..."
 
ABŞ və Ukrayna faydalı qazıntıların birgə hasilatı və Ukraynanın bərpası üçün investisiya fondunun yaradılması barədə saziş imzalayıb.
 
Moderator.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb. Məlumatı "cirrenttime.tv" nəşri yayıb.
 
"Müəyyən edilmiş iqtisadi tərəfdaşlıq çərçivəsində ölkələrimiz birgə işləyə və sərmayə qoya bilər ki, ortaq resurslarımız, istedadlarımız və imkanlarımız Ukraynanın iqtisadi bərpasını sürətləndirsin", - nazirliyin press-relizində qeyd olunub.
 
ABŞ prezidenti Donald Tramp isə "NewsNation" nəşrinə verdiyi açıqlamada bildirib ki, bu saziş çərçivəsində ABŞ "nəzəri olaraq 350 milyard dollardan çox qazanc əldə edəcək". O, əlavə edib ki, məhz bu məbləği onun sələfi Co Bayden Ukraynaya hərbi yardım üçün ayırmışdı.
 
"Biz elə bir saziş imzalamışıq ki, vəsaitlərimiz təhlükəsiz şəraitdədir və biz hasilata başlaya bilərik. Bu, Ukrayna üçün də faydalıdır, çünki hasilat bölgələrində ABŞ-ın mövcudluğu ölkəni qoruyacaq və pis niyyətli şəxslərin müdaxiləsinin qarşısını alacaq", - Tramp vurğulayıb.
 
ABŞ maliyyə naziri Skott Bessent isə imzalanma mərasimindən sonra bəyan edib: "Bu saziş Rusiya üçün açıq siqnaldır ki, Tramp administrasiyası Ukraynanın azad, suveren və firavan gələcəyinə yönəlmiş sülh prosesinə sadiqdir. 
 
Prezident Tramp bu tərəfdaşlığı Amerika və Ukrayna xalqları arasında təqdim edir ki, hər iki tərəfin Ukraynanın davamlı sülh və rifahına olan sadiqliyi nümayiş olunsun. Və aydın şəkildə bildirilir: Rusiya hərbi maşınını maliyyələşdirən və ya təmin edən heç bir dövlət və ya şəxs Ukraynanın bərpasından fayda əldə edə bilməyəcək".
 
Ukraynanın iqtisadiyyat naziri Yuliya Sviridenko da sənədin imzalanmasını şərh edib: "Liderliyə görə prezidentlərə təşəkkür edirəm. Sazişi məzmunlu edən hər kəsə minnətdaram. Hazırda sənəd hər iki ölkənin uğurunu təmin edə biləcək səviyyədədir", - o, "Facebook"-da yazıb.
 
Nazir sənəddə yer alan əsas şərtləri də açıqlayıb:
 
- Ukraynanın əvvəlki hərbi yardımlarla bağlı ABŞ-a borcu yoxdur;
 
- Bütün mülkiyyət və nəzarət - yeraltı sərvətlər, şirkətlər və resurslar daxil olmaqla Ukraynada qalır;
 
- Fond 50/50 əsasda ortaqdır, heç bir tərəfin səsvermədə üstünlüyü yoxdur;
 
- Fond yalnız yeni lisenziyalarla formalaşacaq. Strateji materiallar və neft-qaz sahələrindəki layihələr üzrə lisenziyalardan əldə olunan gəlirin 50 faizi büdcəyə daxil olacaq;
 
- Fond vəsaitin tam şəkildə nəticəyə yönəlməsi məqsədilə vergi ödəməyəcək;
 
- Ukraynanın milli əmlakı qorunacaq. Özəlləşdirmə və dövlət şirkətlərinin idarə olunmasına dair prosedurlar dəyişməyəcək. "Ukrnafta" və "Enerqoatom" Ukrayna mülkiyyətində qalır;
 
- Saziş Ukrayna Konstitusiyasına uyğundur və ölkənin Avropa İttifaqına inteqrasiya kursunu dəyişmir;
 
- ABŞ həm Amerika, həm də Avropa İttifaqı mənbələrindən, DFC agentliyi vasitəsilə investisiyaların cəlb edilməsinə kömək edəcək;
 
- ABŞ maliyyə yardımı göstərir, Ukrayna isə yeni yataqlardan əldə etdiyi gəlirin bir hissəsini fonda yatırır. Tərəflər yalnız Ukraynada həyata keçiriləcək layihələrə birgə qərar verəcəklər, məsələn, hasilat, infrastruktur, neft və qaz sahələri;
 
- İlk 10 ildə mənfəət bölüşdürülməyəcək, bütün gəlir Ukraynanın bərpasına yönəldiləcək.
 
"Bloomberg"-in qeyd etdiyi kimi, bu saziş ABŞ-a Ukraynanın təbii sərvətlərinin, o cümlədən alüminium, qrafit, neft və təbii qazın hasilatı ilə bağlı yeni investisiya layihələrinə üstün giriş imkanı verir.
 
Bildirilir ki, danışıqlar zamanı Vaşinqton ABŞ-a verilmiş yardımların fond vasitəsilə geri qaytarılmasını nəzərdə tutan şərtdən imtina edib.
 
Donald Tramp dəfələrlə Ukraynanı bu sazişi imzalamağa çağırıb, ilkin olaraq nadir torpaq metalları ilə bağlı olan razılaşmanın gecikməsinə görə Zelenskini tənqid edib.
 
Kiyev isə öz növbəsində sazişdə ABŞ tərəfindən təhlükəsizlik zəmanətləri yer almasını istədiyini bildirib. Trampın tənqidçiləri onun administrasiyasını Ukraynanı qeyri-sərfəli sazişə məcbur etməkdə ittiham edir.
Seçilən
0
48
moderator.az

10Mənbələr