AZ

Donald Trampın Ağ Evə qayıdışının 100 günü tamam oldu

BAKI, 30 aprel. TELEQRAF

Donald Tramp ikinci prezidentliyi dövründə 100 gününü tamamlayıb.

ABŞ Prezidenti Donald Tramp vəzifədə keçirdiyi 100-cü gününü Miçiqan ştatında tərəfdarları qarşısında qeyd edib.

Teleqraf xəbər verir ki, bu barədə BBC telekanalı geniş məqalə hazırlayıb.

"Bu, hələ başlanğıcdır, siz heç nə görməmisiniz", - deyən Tramp ikinci prezidentlik dövrünün sağlam düşüncə inqilabına səbəb olduğunu və dərin dəyişikliklərə imza atdığını vurğulayıb.

Tramp tərəfdarları önündə Demokratlar Partiyasından olan sələfi Co Baydeni də istehza ilə tənqid edib.

Miqrasiya sahəsində əldə etdiyi nəticələrə diqqət çəkən prezident ABŞ-Meksika sərhədində qeyri-qanuni keçid hallarının sayının 140 min nəfərdən 7 min nəfərə qədər azaldığını açıqlayıb.

Ağ Evin məlumatına əsasən, Trampın ikinci dönəmində indiyədək 65 700-dən çox miqrant deportasiya olunub. Amma bu rəqəm əvvəlki fiskal illə müqayisədə daha aşağıdır.

Tramp çıxışı zamanı deportasiya olunan şəxslərin ABŞ-dən çıxarılıb Salvadoradakı həbsxanalara göndərilməsini əks etdirən video da nümayiş etdirib.

Ağ Ev rəhbəri həmçinin xarici avtomobil və ehtiyat hissələrinin idxalına qoyulan tariflərin yumşaldıldığını bildirib.

Onun iqtisadi siyasəti tənqid olunsa da, Tramp enerji və inflyasiya qiymətlərinin azaldığını, ipoteka faizlərinin düşdüyünü iddia edib.

Qeyd edək ki, “Gallup” sorğusuna əsasən, Tramp II Dünya müharibəsindən sonra ikinci prezidentlik dövründə vəzifədəki 100-cü günündə reytinqi 50 faizdən aşağı (44%) olan ilk dövlət başçısı olub. Bununla belə, Respublikaçılar Partiyasının seçiciləri arasında dəstəyi hələ də güclüdür.

Demokratik Milli Komitə (DNC) isə Trampın ilk 100 gününü tam fiasko adlandırıb.

Seçilən
0
teleqraf.com

1Mənbələr