Bakı, 29 aprel, AZƏRTAC
İspaniyada aprelin 28-də baş verən böyük fasilədən sonra enerji istehlakının 99,16 faizi bərpa edilib ki, bu da 21 265 MVt hasilat səviyyəsinə uyğundur.
AZƏRTAC xəbər verir ki, İspaniyanın şəbəkə operatoru “Red Electrica” bu barədə sosial mediada məlumat yayıb.
Lakin ölkədə həyat hələ tam normal vəziyyətdə deyil. Yalnız qismən bərpa olunan dəmir yolu xətti, Madrid metrosu şəhər sakinlərini yerüstü nəqliyyatdan istifadə etməyə çağırıb. Ölkənin baş nəqliyyat idarəsi zərurət yaranmadığı təqdirdə avtomobil sürməməyi tövsiyə edib. Bəzi bölgələrdə məktəblərdə məşğələlər ləğv olunub. İspaniyanın Nüvə Təhlükəsizliyi Şurasının məlumatına görə, atom elektrik stansiyalarında reaktorlar avtomatik olaraq dayandırılıb və dizel generatorları işə salınıb.
Xatırladaq ki, aprelin 28-də İspaniyada hava, dəmir yolu və ictimai nəqliyyata təsir edən böyük elektrik kəsilməsi baş verib. Hakimiyyət orqanları hadisənin səbəblərinin hələlik məlum olmadığını bildiriblər. Elektrik kəsintisi qonşu Portuqaliyaya da təsir edib.
Ekspertlərin ilkin hesablamalarına görə, genişmiqyaslı elektrik kəsintisi nəticəsində İspaniyaya dəyən zərər təxminən bir milyard avro təşkil edəcək.