Azərbaycan ilə Çin arasında münasibətlər bu gün tarixi baxımdan ən yüksək səviyyəyə çatmışdır. Daha əvvəl Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə Görüşü çərçivəsində əldə olunan razılaşmaya əsasən, Çin tərəfi Azərbaycan vətəndaşları, Azərbaycan isə Çin vətəndaşları üçün viza rejimini aradan qaldırmışdır. İndi isə Cənab Prezidentin Çinə rəsmi səfəri fonunda imzalanmış hərtərəfli əməkdaşlıq haqqında Birgə Bəyannamə əsasında Azərbaycan vətəndaşlarının Çinə vizasız səfəri tam şəkildə təmin olunmuşdur.
Bu fikirləri NOCOMMENT.az-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri, politoloq Tural İsmayılov bildirib.
Bu addımın böyük əhəmiyyəti var. Çin bu gün siyasi, iqtisadi və ticarət sahəsində dünya miqyasında mühüm və güclü mövqeyə malikdir. Belə olan halda, bu qərar həm də Çinin qlobal potensialını bir daha nümayiş etdirir. Azərbaycan və Çin arasında viza rejiminin ləğv edilməsi xüsusilə iqtisadi münasibətlərin inkişafı baxımından, eləcə də mədəniyyət və turizm sahələrində əməkdaşlığın genişlənməsi nöqteyi-nəzərindən olduqca dəyərli bir təşəbbüsdür.
İmzalanan Birgə Bəyannamə Azərbaycan-Çin münasibətlərinin daha da möhkəmlənməsinə və yeni inkişaf mərhələsinə qədəm qoymasına xidmət edəcəkdir. Əminəm ki, qarşıdakı dövrdə iki ölkə arasında əlaqələr daha da genişlənəcək, əməkdaşlığımız yeni və dinamik bir müstəviyə keçəcəkdir. Bütün bunlar göstərir ki, Azərbaycan və Çin münasibətləri bu gün öz tarixi inkişafında çox ciddi və böyük nəticələr əldə etmişdir.
Elnur Quliyev