
Bu gün səhər saatlarında Ucar rayonunun Müsüslü kəndində yerləşən 110/10 kilovoltluq dartı yarımstansiyasında yanğın baş verib.
Yeniavaz.com xəbər verir ki, ilkin məlumata görə, yanğın 10 min kilovat gücündəki transformatorda başlayıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürən briqadaları cəlb olunub. Yanğın qısa müddətdə nəzarət altına alınıb və söndürülüb.
Bildirilir ki, yarımstansiyanın fəaliyyətində fasilə yaranıb. Bu səbəbdən Müsüslü də daxil olmaqla ətrafdakı beş kənd hazırda elektrik enerjisiz qalıb. Əraziyə aidiyyəti qurumların əməkdaşları cəlb olunub və elektrik enerjisinin bərpası istiqamətində təmir-bərpa işləri aparılır.
Hazırda yanğının dəqiq səbəbi və vurulan maddi ziyanın həcmi araşdırılır.



