Konkret.az saytına istinadən ain.az xəbər verir.
“Havaların isinməsi ilə birlikdə yay meyvələrinin də mövsümü başlayıb. Qarpız, yemiş, ərik, əncir, üzüm, gavalı və alça kimi sevilən meyvələr təkcə ləzzətli deyil, həm də orqanizm üçün faydalıdır.
Xüsusilə, iyul və avqust aylarında yetişən qarpız və yemiş bol su tərkibi ilə yayın istisində orqanizmə sərinlik gətirir, susuzluğu aradan qaldırmağa kömək edir.
Lakin bu meyvələrin tərkibində şəkər miqdarının yüksək olması normadan artıq istifadədə qan şəkərinin artmasına və çəki problemlərinə səbəb ola bilər”.
Bu fikirləri qida məsələləri üzrə ekspert Fərid Səfərov KONKRET.az-a açıqlamasında bildirib:
Fərid Səfərov
“Mövsümündən əvvəl yetişdirilən meyvələrin tərkibində bəzən kimyəvi maddələr və dərmanlar olur. Bu isə zəhərlənmə halları və digər sağlamlıq problemlərinə yol aça bilər.
Qarpız alarkən və istifadə edərkən bunlara diqqət olunmalıdır:
-Rəngi tünd yaşıl və üzərində aydın zolaqları olan qarpızlar seçilməlidir.
-Yumşalmış, əzilmiş, solğun rəngli qarpızlar almaq məsləhət deyil.
-Evdə istifadə etdikdən sonra qarpız soyuducuya qoyulmalıdır. Uzun müddət saxlanılmamalıdır.
-Qarpızın özünəməxsus xoş, şirin iyi və tünd qırmızı rəngi olmalıdır.
-Soyuducuda saxlanılan qarpızın üzəri yumşalmış, tumları yerindən çıxmış, rəngi və iyi dəyişmişsə, istehlak etmək təhlükəlidir”.
Mütəxəssis sonda əlavə edib ki, bu kimi sadə məqamlara əməl etməklə həm sağlamlığı, həm də ailə büdcəsini qorumaq mümkündür.
Aynurə İsmayıl
KONKRET.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.