AZ

​OPEC+ hasilatı artırır, yoxsa azaldır? -

28 may 2025-ci il tarixində OPEC+ alyansının Birgə Nazərat Komitəsinin (JMMC) onlayn iclası keçirildi. Görüşdə üzv ölkələrin 2025-ci ildə xam neft hasilatı nəticələri nəzərdən keçirildi və növbəti mərhələlər üçün tövsiyələr verildi. Ardınca keçirilən tam formatlı nazirlər görüşündə isə təşkilatın uzunmüddətli hasilat siyasəti müzakirə olundu. Nəticə nə oldu? Yekun müzakirəyə əsasən, üzv ölkələr mövcud hasilat səviyyəsini dəyişməmək qərarına gəliblər. Beləliklə, 2024-cü ilin əvvəlində razılaşdırılmış kvotalar 31 dekabr 2026-cı ilə qədər qüvvədə qalacaq. Eyni zamanda, daha öncə verilmiş hasilat kvotalarına tam əməl olunması və artıq hasilatın kompensasiya edilməsi vacibliyi vurğulanıb. Hasilatda artıq istehsal problemi OPEC+ çərçivəsində səkkiz ölkə – Rusiya, Səudiyyə Ərəbistanı, BƏƏ, Küveyt, Oman, İraq, Qazaxıstan və Əlcəzair – 2023-cü ilin noyabrında könüllü şəkildə gündə 2,2 milyon barel hasilat azaltma öhdəliyi götürmüşdü. Lakin bu ölkələrin bir çoxu 2024-cü ilin əvvəlindən bu öhdəliyə tam əməl etmədi. 2025-ci ilin aprel ayına olan məlumatlara əsasən, yeddi ölkə üzrə ümumi hasilat həcmi gündə 5,752 barel təşkil edib. Bu artıq hasilatın 2026-cı ilin 1 iyununa qədər kompensasiya edilməsi tələb olunur. Artım, yoxsa məhdudlaşdırma? Əslində, OPEC+ hasilatı formal olaraq artırır – çünki 1 aprel 2025-ci ildən etibarən 2,2 milyon barel/gün həcmində könüllü azaldılmaların tədricən ləğvinə başlanılıb. Apreldə artım 88 min barel mayda isə 411 min olub. İyunda bu artım daha 411 min barel ilə davam edir. Bazarda qeyri-müəyyənlik və qiymətlərin təzyiqi Aprel ayında OPEC+ hasilat artımı elan etdikdən sonra Brent markalı neftin qiyməti 82 dollardan 61 dollara qədər düşüb. Qiymətlərin aşağı düşməsinə digər faktorlar da təsir edir:
  • ABŞ prezidenti Donald Trampın aprel ayında idxal tariflərini artıracağı barədə bəyanatları bazarda qeyri-müəyyənlik yaradıb;
  • Çin iqtisadiyyatında artım tempinin zəifləməsi qlobal tələbatı aşağı salır;
  • Qlobal bazarda təklif tələbatdan artıqdır – aprel ayında tələb 103,9 milyon barel , təklif isə 104,46 milyon barel olub – yəni 560 min barel profisit yaranıb.
Səudiyyə siyasəti: qiymətləri qorumaq üçün ikili oyun Səudiyyə Ərəbistanı hazırda bir növ “ikiqat strategiya” həyata keçirir:
  1. Rəsmi olaraq hasilatı artırmağa razıdır, lakin real olaraq ixracı məhdudlaşdırır – xam neft yerinə neft məhsulları ixrac edilir.
  2. Bazar qiymətləri 60-65 dollar aralığında saxlanılır, bu isə ABŞ-nin şist istehsalçıları üçün iqtisadi cəhətdən əlverişli deyil və onların hasilatı azaldır.
  3. Artıq hasilat edən ölkələr, xüsusilə Qazaxıstan (ona 1,299 milyon barel hasilatın azaldılması təyin olunub), qiymətlərin aşağı qalmasından dolayı maliyyə itkiləri ilə üzləşir.
OPEC+ hazırda çox incə balans saxlayır. Rəsmi olaraq hasilat artımı planlaşdırılır. Reallıqda bu artım kompensasiya öhdəlikləri ilə neytrallaşdırılır. İqtisadi və siyasi risklər (xüsusilə ABŞ və Çin arasında ticarət müharibələri) qiymətlərə təzyiq göstərməyə davam edir. Alyansın əsas məqsədi – bazarda sabitliyi qorumaq və neftin qiymətinin 60 dollardan aşağı düşməsinə yol verməməkdir. OPEC+ bu məqsədə hələlik ikili siyasətlə çatmağa çalışır.

Gülbəniz Hüseynli / Metbuat.az

Seçilən
0
17
metbuat.az

10Mənbələr