Argentinalı əfsanəvi futbolçu Dieqo Maradonanın ölüm işinə baxan Buenos-Ayres məhkəməsi bir hakimin vəzifədən kənarlaşdırılmasından sonra proseslə bağlı əldə olunan irəliləyişi etibarsız hesab edib.
Publika.az xəbər verir ki, bu barədə "La Nacion" qəzeti məlumat yayıb.
"Bütün tərəfləri dinlədikdən sonra məhkəmə prosesi etibarsız elan etmək qərarını elan edir", - məhkəmə sədri Maksimiliano Savarino bildirib.
Nəşr aydınlaşdırıb ki, yeni hakimlərlə məhkəmə prosesi başlanğıc nöqtəsinə qayıdacaq.
Qeyd edək ki, çərşənbə axşamı hakim Xuleta Makintaç prosesə sədrlik etməkdən uzaqlaşdırılıb. Prokurorluqdan bu barədə tələb onun sənədli film hazırlamaq üçün çəkiliş qrupunun iclasda iştirakına icazə verməsi ilə bağlı məlumatın ortaya çıxmasından sonra gəlib.