Məhəmməd Əsədullazadə: “Reallıq ondan ibarətdir ki, Ermənistan tərəfi sülh prosesini uzadır”
“Ermənistan Konstitusiya Məhkəməsi Azərbaycanla sülh sazişini təsdiqləməsə, Ermənistanın əsas qanununa dəyişiklik təşəbbüsü ilə şəxsən özüm çıxış edəcəyəm”. Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan “İrəvan dialoqu” beynəlxalq forumunda bildirib.
O qeyd edib ki, saziş istənilən halda Konstitusiya Məhkəməsinə göndərilməlidir: “Əgər Konstitusiya Məhkəməsi sazişin Ermənistan qanunlarına uyğun olmadığına qərar versə, o zaman mənim şəxsi mövqeyim ondan ibarətdir ki, mən konstitusiyaya dəyişikliklərin təşəbbüskarı olacağam, çünki hesab edirəm ki, sülhün bağlanması imkanını əldən vermək olmaz”.
“Paşinyanın “İrəvan dialoqu” beynəlxalq forumunda səsləndirdiyi fikirlər manipulyasiyadır”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edin politoloq Məhəmməd Əsədullazadə buna bir neçə aspektdən yanaşdı: “Paşinyanın “İrəvan dialoqu” beynəlxalq forumunda səsləndirdiyi fikirlər manipulyasiyadır. Məsələ ondadır ki, ilk növbədə Ermənistan tərəfi Azərbaycanın şərtinə əməl etməlidir. Rəsmi Bakının irəli sürdüyü şərt də hamıya məlumdur. Ermənistan Konstitusiyasına dəyişiklik etməli və Azərbaycana qarşı ərazi iddialarını oradan çıxarmalıdır. Azərbaycanla Ermənistan arasında 17 bəndlik sənəd imzalanıb. Paşinyan özü də yaxşı bilir ki, Ermənistanın müstəqillik bəyannaməsində Azərbaycana qarşı ərazi iddiaları öz əksini tapıb. Məsələ ondadır ki, bu, Konstitusiyadan çıxarılmalıdır. Bununla bağlı real və konkret addımlar atmaq əvəzinə, Paşinyan ümumi və təkrar fikirlər səsləndirir. Halbuki, indiyə qədər daha konkret addımlar atılsaydı, situasiya fərqli olardı. Tərəflər sülh sazişini imzalayıb diqqəti digər məsələlərə yönəldərdilər. Reallıq ondan ibarətdir ki, Ermənistan tərəfi sülh prosesini uzadır. Ermənistan, yaxşı olardı, 2026-cı ilə kimi referenduma gedib Konstitusiyada dəyişiklik etsin. Ondan sonra sülh sazişi imzalansın. İndi belə açıqlamalar verməklə özünü sülhpərvər kimi göstərməyə çalışır, amma reallıq bunun əksini göstərir. Belə görünür ki, Paşinyan seçkiləri gözləyir. Seçkilərdən sonra Konstitusiya dəyişikliklərinə gedəcək. Buna isə düz bir il var və bu müddət ərzində çox şey dəyişə bilər”.
Vidadi ORDAHALLI