Mayın 27-də doğma yurduna yola salınan köç karvanı Ağdam rayonunun Kəngərli kəndinə çatıb.
APA xəbər verir kİ, bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən bildirilib.
Bu mərhələdə köçürülən 206 nəfərdən ibarət 48 ailəyə yeni tikilmiş fərdi yaşayış evlərinin açarları təqdim edilib. Mərasimdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 43 mindən çox insan yaşayır.
***
06.28
Ağdam rayonunun Kəngərli kəndinə növbəti köç karvanı yola salınıb.
APA xəbər verir ki, bu gün 48 ailə (207 nəfər) Kəngərli kəndinə köçürülür.
Bakı şəhərindən – 27 ailə (112 nəfər), Ağdam rayonundan – 15 ailə (66 nəfər), Bərdə rayonundan – 3 ailə (10 nəfər), Abşeron rayonundan – 1 ailə (7 nəfər), Yevlax şəhərindən – 1 ailə (6 nəfər), Mingəçevir şəhərindən –1 ailə (6 nəfər) Kəngərliyə yola salınıb.
Beləliklə, 27.05.2025-ci il tarixindəki köç də nəzərə alınmaqla Ağdam rayonunun Kəngərli kəndinə cəmi 157 ailə (694 nəfər) köçürülmüş olur.
“32 ildən sonra öz doğma kəndimizə qayıdırıq. Oğlum gəlinim nəvələrimlə gedirəm. Allah şəhidlərimizə rəhmət eləsin. Ən böyük arzum qəbiristanlıqlarımızı ziyarət etməkdir.”, - deyə keçmiş məcburi köçkün Səmədov Qara bildirib.
Öz doğma kəndinə qayıdan Poladova Rahilə isə bunları deyib: “Allah şəhidlərimizə rəhmət eləsin. Qazilərimiz uzun ömürlü olsun ki, bizi torpağımıza qaytarırlar. Gedirəm, ağaclar, güllər əkəcəm. Yaşayacağam özüm üçün, torpağımız çox gözəldir.”
Babayeva Çiçək isə bu günü çox gözlədiklərini deyib. “Çox böyük ümidlə gözləmişdik bu günü. Şükürlər olsun. İllər sonra prezidentimizin uzaqgörən siyasəti nəticəsində öz yurdumuza qayıdırıq.”, - o deyib.
Bir digər Kəngərli sakini Elza Babayeva isə öz duyğularını belə ifadə edib: “Allah prezidentimizə can sağlığı versin. Dünya durduqca ömrü olsun. Gedirik vətənimizdə yaşayaq. İstəyirik övladlarımız bundan sonra öz yurdunda yaşasın.”




