Bu il özəl daşıyıcıların 400-ə yaxın ekoloji təmiz avtobusu Bakıda istismara verməsi planlaşdırılır.
“Report” xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev “Yaşıl nəqliyyat biznesi: imkanlar və perspektivlər” mövzusunda ictimai müzakirədə deyib.
Onun sözlərinə görə, Bakı şəhərinin avtobus şəbəkəsində 166 elektrik avtobus və 55 ədəd ekoloji cəhətdən təmiz CNG texnologiyasına sahib avtobuslar fəaliyyət göstərir: “Bu il özəl daşıyıcıların 400-ə yaxın əlavə ekoloji təmiz avtobus alaraq Bakı şəhərində istismara verməsi nəzərdə tutulur”.
O qeyd edib ki, avtobusların sayının artırılması nəticəsində 1 avtobusda gün ərzində daşınan sərnişin sayı 2023-cü ildə 630 nəfər, 2024-cü ildə 620 nəfər idisə, 2025-ci ilin hazırkı dövrünə qədər isə 560 nəfər olub: “Yəni avtobusda doluluq əmsalı müəyyən qədər azalıb. Bu, paytaxtda kifayət qədər avtobusun olduğunun göstəricisidir”.