AZ

Hesablama Palatası: Ötən il investisiya aktivliyi dövlət sektoru hesabına təmin edilib

2024-cü ildə Azərbaycanda istehlak xərclərinin artımı məcmu tələbə töhfə verən əsas komponentlərdən olub, investisiya aktivliyi dövlət sektoru hesabına təmin edilib.

“Report” xəbər verir ki, bu barədə Hesablama Palatasının “2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə verdiyi rəydə bildirilir.

Sənədə əsasən, istehlak komponenti üzrə həm ev təsərrüfatları, həm də dövlət idarələrində artım qeydə alınıb. Ev təsərrüfatlarının istehlakının artımına əvvəlki ilə nisbətən real ifadədə əhali gəlirlərinin 4,1 %, o cümlədən orta aylıq əməkhaqqının 5,7 % artması təsir edib. Əhalinin gəlirlərinin tərkibi üzrə aparılan təhlillər gəlirlərin artımının əsasən işçilərə əmək ödənişləri üzrə olduğunu deməyə əsas verib. Müvafiq tələb komponentinə təsir edən amillərdən biri də istehlak kreditləri olub, Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatına əsasən, bu kreditlər 21,7 % artaraq dövrün sonuna 8 milyard 445 milyon manata bərabər olub.

Dövlət sektoru məcmu tələbə istehlak və investisiya komponentləri ilə artırıcı təsir göstərib. Dövlət büdcəsində əməyin ödənişi xərclərinin artması dövlət istehlakının 18 milyard 150,5 milyon manata yüksəlməsi ilə nəticələnib. Digər tərəfdən, hesabat ilində dövlət investisiyaları nominal ifadədə 10,1 % artıb, bununla da 21 milyard 435,1 milyon manata bərabər olan əsas kapitala investisiyalarda dövlət sektorunun payı 61,1 %-ə yüksəlib. Dövlət investisiyalarının artımı tikinti sektorunda əlavə dəyərin artımına təkan verib, bu sektor iqtisadi artıma yüksək töhfəsi ilə seçilib.

Hesabat ilində investisiya aktivliyi dövlət bölməsi hesabına təmin edilib, qeyri-dövlət bölməsi üzrə əsas kapitala yönəldilən vəsaitlərdə azalma qeydə alınıb. Ümumilikdə, əsas kapitala investisiyaların müxtəlif qruplar üzrə bölgüsünün təhlili qeyri neft-qaz sektorunun, daxili investisiyaların və dövlət sektorunun investisiyalara töhfə verməsi fonunda neft-qaz sektoru, xarici investisiyaların və qeyri-dövlət sektorunun investisiyalara azaldıcı təsir etdiyini göstərib, il sonunda cəmi əsas kapitala investisiyalar 0,7 % azalıb.

Xatırladaq ki, 2025-ci il dövlət büdcəsinin layihəsinə Hesablama Palatasının rəyində dövlət investisiyalarının cəmi investisiyalarda payının yüksək olması risk kimi qiymətləndirilib və il sonunda bu nisbətin bir qədər də yüksələcəyi şərh edilib. Mal və xidmətlər ixracının real ifadədə artması, idxalının isə real ifadədə azalması xalis ixrac komponentinin iqtisadi artımı dəstəkləməsi ilə nəticələnib.

Seçilən
0
33
report.az

10Mənbələr