Finss.az - Bank Olmayan Kredit Təşkilatı (BOKT) “Falcon Finance” MMC 2024-cü ili əhəmiyyətli maliyyə artımı ilə başa vurub.
Təşkilat ötən il 755 min manat xalis mənfəət əldə edib ki, bu da 2023-cü ildə qeydə alınan 309 min manatlıq mənfəətlə müqayisədə 446 min manat və ya 2,4 dəfə çoxdur.
“Falcon Finance”ın bu nəticəsi onun maliyyə dayanıqlığının gücləndiyini və əməliyyat səmərəliliyinin artdığını göstərir.
? Gəlirlərdə artım, xərclərdə optimallaşma
BOKT-un faiz gəlirləri 2024-cü ildə 1 milyon 876 min manat təşkil edib. Bu göstərici 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 21,3% və ya 329 min manat artım deməkdir. Haqq və komissiya gəlirləri də təxminən 10 min manat artaraq 47 min manata çatıb.
Maliyyə göstəricilərinə nəzər saldıqda, maliyyə aktivlərinin dəyərsizləşməsi üzrə ehtiyat ayırmaların 5,5 dəfə azalaraq təxminən 30 min manata düşməsi diqqət çəkir (2023-cü ildə bu rəqəm 165 min manat idi). Bundan əlavə, inzibati və digər əməliyyat xərcləri 12,2% azalaraq 702 min manat olub.
? Kredit portfeli 6,5 milyon manatı keçib
“Falcon Finance” MMC-nin kredit portfeli də böyüməyə davam edir. 2024-cü ilin sonuna olan məlumata görə, təşkilatın müştərilərə verdiyi kreditlərin həcmi 6 milyon 532 min manat təşkil edib ki, bu da 2023-cü illə müqayisədə 546 min manat və ya 9,1% artım deməkdir.
? Haqqında qısa məlumat
2013-cü ilin may ayında dövlət qeydiyyatına alınan və Azərbaycan Mərkəzi Bankının lisenziyası əsasında fəaliyyət göstərən “Falcon Finance” MMC hazırda 1 milyon manat nizamnamə kapitalına malikdir. Şirkətin əsas fəaliyyət istiqaməti fiziki və hüquqi şəxslərə kreditlərin təqdim olunmasıdır.