AZ

"Rusiya cəbhədə kulminasiya nöqtəsinə çatıb, yay hücumu onun son şansı ola bilər" - "The Washington Post"

"2025-ci ildə Rusiya güc və silah çatışmazlığı səbəbilə cəbhədə irəliləyiş əldə edə bilməyəcək..."
 
Rusiya Ukraynada döyüş meydanında zəifləyir və bu yay hücuma keçmək onun üçün son fürsət ola bilər. Çünki gələn il Moskva ciddi canlı qüvvə və silah çatışmazlığı ilə üzləşəcək.
 
Moderator.az xəbər verir ki, bu barədə amerikalı və avropalı rəsmilərə, hərbi ekspertlərə istinadən "The Washington Post" nəşri yazıb.
 
Ekspertlər bildirir ki, indi Moskvaya təzyiq göstərmək üçün ən əlverişli vaxt ola bilər - bu, müharibənin əvvəlindən bəri ən uyğun an kimi qiymətləndirilir.
 
Rusiya üçün yüksək itkilərlə kiçik qazanclar
 
ABŞ hərbi kəşfiyyatına görə, danışıqlar və ya Qərbin etibarlı dəstəyi olmadıqda, müharibə 2025-ci ildə də yavaş-yavaş Rusiyanın xeyrinə davam edə bilər. Lakin bu irəliləyişlər böyük insan və texnika itkisi hesabına baş verir.
 
2022-ci ildən bu yana Rusiya azı 10 min döyüş texnikasını, o cümlədən 3 min tankı, 250-yə yaxın hava və 10-dan çox dəniz vasitəsini itirib. Son bir ildə isə cəmi 0,6 faiz ərazi əldə etməyə nail olub, bu isə gündə orta hesabla 1500 ölü və ya yaralı deməkdir. Britaniyanın sabiq birləşmiş qüvvələr komandanı R. Barrons qeyd edir ki, Rusiya çox az irəliləyir, lakin bu, baha başa gəlir.
 
Moskvanın perspektivləri zəifləyir
 
Böyük Britaniyadakı müdafiə tədqiqatları institutunun əməkdaşı C. Uotlinqin fikrincə, Kreml bu il rekord sayda çağırışçı cəlb etsə də, Rusiyanın irəliləyişi demək olar ki, dayanıb. Bu, Ukraynanın möhkəmləndirilmiş müdafiəsi və dron hücumları ilə bağlıdır.
 
Ukrayna təhlükəsizlik rəsmisinin sözlərinə görə, Rusiya eyni zamanda Kursk vilayətində - sərhədyanı ərazilərdə mövqelərini qorumaq üçün resurslarını yönəltməli olub. Sayca üç dəfə çox olsalar belə, bu üstünlük onlara ciddi nəticə qazandırmır.
 
Qərb ekspertləri bildirir ki, Rusiya hər il 200 yeni tank istehsal etsə də, əsasən köhnə sovet texnikasına möhtacdır. Müharibənin əvvəlində bu ehtiyat 13 min tank idi, lakin onların da tükənmək üzrə olduğu deyilir. Uoltinq deyir: "Rusiya döyüşməyə davam edə bilər, lakin texnika sarıdan getdikcə zəifləyəcək, bu da əməliyyatların davamlılığına təsir edir".
 
Yay hücumu son fürsət kimi
 
Uotlinq və Barronsun sözlərinə görə, əgər atəşkəs əldə olunmasa, Rusiya yay aylarında hücumlarını gücləndirə bilər. Amma bu, Moskva üçün son imkan ola bilər. Barrons deyir: "Rusiya hücum qabiliyyətində kulminasiya nöqtəsinə çatıb. Onların uğurlu hücum üçün yetərli texnika, canlı qüvvə və logistikası yoxdur".
 
Hətta Rusiyanın bəzi əraziləri ələ keçirməsi belə, onun Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərini tam nəzarətə götürmək məqsədinə çatmasına kifayət etməyəcək, - Karnegi mərkəzindən D. Massicot qeyd edir. O, vurğulayır ki, Ukraynanı bir neçə kilometr geri sıxışdırmaqla məsələ bitmir - irəliləyişin dərinliyinə uyğun canlı qüvvə və texnika tələb olunur, bu isə hazırda Rusiyada yoxdur.
 
Qərbli rəsmilər hesab edir ki, Putin öz üstünlüyünə dair inamını daha çox ətrafındakıların reallıqdan uzaq təqdimatlarına əsaslandırır. Uotlinq deyir: "Əgər Ukrayna Rusiyanı Donetsk sərhədlərinə qədər belə buraxmasa və Qərb Rusiyanın iqtisadiyyatını zəiflətməkdə davam etsə, Moskva müharibəni davam etdirməyin dəyəri barədə çətin qərar verməli olacaq".
 
İyunda yeni hücum gözlənilir
 
"Bild" nəşrinin yazdığına görə, iyun ayında Rusiya qoşunları yeni hücuma başlaya bilər. Xüsusilə Xarkov, Sumı və Dnepropetrovsk vilayətləri təhdid altındadır. "DeepState" monitorinq qrupu isə artıq Sumı vilayətində Rusiyanın dörd kəndi və ətraf əraziləri ələ keçirdiyini bildirir.
Seçilən
0
50
moderator.az

10Mənbələr