Fövqəladə Hallar Nazirliyinin (FHN) Aran Regional Mərkəzinin təşkilatçılığı ilə Zərdab rayon hərbiləşdirilməmiş ərazi mülki müdafiə dəstələri ilə xəbərdarlıq və toplanış üzrə nümunəvi mülki müdafiə məşqi keçirilib.
Publika.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Bildirilib ki, “Fövqəladə hadisələr zamanı hərbiləşdirilməmiş ərazi mülki müdafiə dəstələrinin xəbərdarlıq toplanışı siqnalı üzrə fəaliyyəti” mövzusunda keçirilən tədbirə Aran Regional Mərkəzinin şəxsi heyəti, Zərdab rayonunun Fövqəladə Hallar Komissiyası, Mülki müdafiə qərargahı, ərazi mülki müdafiə dəstələrinin şəxsi heyəti və texnikaları cəlb edilib.
Məşqin keçirilməsində məqsəd ərazi mülki müdafiə dəstələrinin fövqəladə hallara operativ reaksiyavermə hazırlığı səviyyəsinin yoxlanılması və böhran vəziyyətlərində birgə fəaliyyətlərin uzlaşdırılması, komandir-rəis heyətinin idarəetmə üzrə bilik və bacarıqlarının təkmilləşdirilməsi, şəxsi heyətə xəbərdarlıq toplanışı üzrə əməli vərdişlərin aşılanması olub.