AZ

Hansı ölkələr sosial şəbəkələri bloklayır? – Bəhanələr fərqli, səbəb birdir, təhlükə sayırlar

İnformasiya məkanında belə bir xəbər var ki, Vyetnamda telekommunikasiya şirkətlərinə Telegram-a girişi məhdudlaşdırmağı əmr edilib. Buna səbəb messencerin cinayət işlərinin araşdırılmasında polisə kömək etməkdən imtina etməsi olub.
 
Bu, yeni şey deyil. Vyetnamda sosial şəbəkələrə ciddi nəzarət var. Bundan əvvəl hakimiyyət Facebook, TikTok və YouTube-dan dövlət üçün təhlükəli hesab olunan materialları yığışdırmağı tələb edib.
 
Tək Vyetnam deyil, bir çox ölkələrdə sosial şəbəkələrin əksəriyyəti bloklanır. Belə edərkən hər ölkənin öz motivi var.
 
 
Böyük Britaniyada YouTube 18 yaşdan kiçik insanlar üçün avtomatik oynadılan videoları və hədəf reklamı deaktiv edib; Instagram 18 yaşdan kiçik insanlara yazmağı qadağan edib; TikTok 21:00-dan sonra 13-15 yaşlı istifadəçilərə, 22:00-dan sonra isə 16-17 yaşlı istifadəçilərə bildiriş göndərməyəcəyinə söz verib.
Çin beynəlxalq sosial şəbəkələrə qoşulmamaq üçün öz sosial şəbəkələrini, daha dəqiqi, onların analoqlarını yaradıb və bunlar ölkə daxiində çox populyardır. Məsələn, Çində Facebook-un kopyası olan “Renren Network” sosial şəbəkəsi çinli tələbələr arasında populyardır. Bu ölkədə məşhur mikrobloq xidməti olan “Sina Weibo” da var. Lakin lider “Qzone” sosial şəbəkəsidir. Bu, Çinin ən böyük sosial şəbəkəsidir, Facebook və YouTube-dan sonra istifadəçilərin sayına görə dünyada üçüncüdür. Ancaq bu şəbəkə Çindən kənarda tanınmır və çox az istifadə olunur.
 
Maraqlıdır ki, məşhur TikTok tətbiqi Çində yaradılıb istifadəyə verilsə də, hazırda bu ölkədə qadağandır. Tətbiqin hüquqları hələ də Çinin ByteDance şirkətinə məxsusdur.
 
Rusiyada bir çox sosial şəbəkələr bloklanıb: LinkedIn, Line messencerləri, Zello. Bundan başqa, bu ölkədə sosial şəbəkələrdəki kontentlərə ciddi dövlət nəzarəti var. Şəbəkələrdə dövlətin yeritdiyi siyasətə, hökumətin müəyyən qərarlarına dair fərqli fikir bildirənlər məsuliyyətə cəlb edilir, cərimələnir, bəzi hallarda həbsə məruz qalırlar.
 
21 mart 2022-ci il tarixindən etibarən Meta ekstremist təşkilat kimi tanındığı üçün Instagram və Facebook Rusiyada rəsmi olaraq qadağan edilib.
 
Sankt-Peterburqlu proqramçı Aleksey Qavrilov tərəfindən ABŞ-da hazırlanmış "Zello" radiostansiyası bütün dünyada etirazçılar tərəfindən fəal şəkildə istifadə olunsa da, Rusiyada Roskomnadzor Zello-ya girişi bloklayıb.
 
Rusiyanın hərbi təcavüzünə məruz qalmış Ukrayna Rusiyanın sosial şəbəkələrinə və internet xidmətlərinə qadağa qoyub, VKontakte, Odnoklassniki, həmçinin Yandex, Mail.ru və bir sıra digər sosial şəbəkələri bloklayıb.
 
 
Türkmənistanda YouTube, Facebook, Twitter, VK, həmçinin WhatsApp və Viber messencerləri bloklanıb. Bu ölkə vətəndaşlarının dünyadan təcrid vəziyyətində qalmasına, ətraf dünyadan xəbər tutmamasına, əcnəbilərlə ünsiyyət qurmamasına çalışır. Ölkədə təkcə sosial şəbəkələr deyil, xəbər lentləri və xarici ölkələrin saytları da bloklanıb. Ölkənin internet provayderi yalnız məşhur onlayn oyunlara çıxış açıb.
 
Özbəkistanda Twitter, TikTok, VKontakte, Skype və Viber fasilələrlə işləyir. Yerdə qalan sosial şəbəkələr çox populyardır. Lakin 2021-ci ilin yanvarından etibarən məlumatların qorunması ilə bağlı yeni qanun ölkə sakinlərinin məlumatlarının ölkə daxilindəki serverlərdə saxlanmasını tələb edir. Bununla əlaqədar olaraq Twitter, TikTok və VKontakte artıq fəaliyyətini dayandırıb, digərləri ilə danışıqlar aparılır.
 
Şimali Koreyada bütün sosial şəbəkələr bloklanır. Hətta adi vətəndaşlar üçün internetə çıxış yoxdur və buna görə də ölkə vətəndaşları sosial şəbəkə deyilən şeydən xəbərsizdirlər.
 
Facebook sosial şəbəkəsinin StarCon.net.kp adlı Şimali Koreya versiyası ortaya çıxdıqdan sonra cəmi bir gün davam edib. Bununla belə, Şimali Koreyada daxili məlumat mübadiləsi şəbəkəsi mövcuddur və bundan hakimiyyət adamları istifadə edirlər.
 
 
İran dünyada internetə ən sərt senzura tətbiq edən ölkələrdəndir Ölkədə hər hansı etiraz aksiyası zamanı nəinki sosial şəbəkələrə girişi bağlayırlar, ümumiyyətlə, internetə çıxışı da dayandırırlar və bu, olduqca tez-tez olur.
 
İranda Facebook-a girişdə problemlər var, lakin ölkə özünün məşhur milli sosial şəbəkəsi Cloob.com-u işlədir.
 
Pakistanda Facebook və YouTube-yə girişdə problemlər yaşanır, Skype, Whatsapp və Viber messencerləri isə vaxtaşırı bloklanır. Hakimiyyət bu və ya digər sosial şəbəkəyə girişin qəfil bağlanmasını ölkənin antiterror təhlükəsizliyinə təhdid kimi izah edir. Həmçinin, radikal təşkilatların tərəfdarları arasında toqquşmalar nəticəsində daxili vəziyyətin sabitliyinin pozulması təhlükəsi yaranarsa, internetə çıxış məhdudlaşdırılır.
 
Səudiyyə Ərəbistanı Facebook, Telegram və YouTube ilə mübarizə aparır, amma rəsmən bloklamır. Əxlaq polisi sosial şəbəkələrdə dərc olunan fotolara, eləcə də “əxlaqsız” saytlara nəzarət edir. Məsələn, başı açıq halda çəkdirdiyi şəklini sosial şəbəkədə yerləşdirən qız çox çəkmədən əxlaq normalarını pozduğuna görə həbs oluna bilər.
 
Misir 2011-ci ildə “Ərəb baharı” zamanı bütün interneti bağlamaqla məşhurlaşıb. Ondan sonra Twitter, YouTube və Facebook kimi sosial şəbəkələr vaxtaşırı bloklanır, Telegram və Signal-da problem yaradılır.
Türkiyədə sosial şəbəkələrdən istifadəyə rəsmi qadağa yoxdur, lakin ölkədə, demək olar ki, hər bir fövqəladə hadisə zamanı onlara giriş dərhal məhdudlaşdırılır. Məsələn, Suriyada əsgərlərin ölümündən sonra Twitter, Instagram, Facebook, WhatsApp və YouTube-a giriş bağlanmışdı, çünki sosial şəbəkələr və messencerlər vasitəsilə ölümlərlə bağlı müxtəlif təxribatçı məlumatlar yayılırdı.
 
Ümumilikdə götürsək, sosial şəbəkələr əsasən daxilində problemlər olan, diktatura və avtoritar rejimlər tərəfindən idarə olunan ölkələrdə bloklanır. Bu ölkələr sosial şəbəkəni “nəzarət olunmayan azad mətbuat”a bərabər sayır, özlərinə təhlükə sayırlar. Çünki total nəzarətdə olan, senzuraya məruz qalan mediadan fərqli olaraq sosial şəbəkələrdə alternativ informasiyalar və rəylər tirajlanır və bu hakimiyyətin maraqlarına zidd situasiyalar yaradır. Ona görə də bir çox ölkələrdə internetin və sosial şəbəkələrin əl əyləcinin rıçağıı hökumətlərin əlindədir, istədikləri vaxt onu çəkir, xalqı ətraf dünyadan təcrid edirlər. /Musavat.com/
 
Seçilən
0
1
moderator.az

10Mənbələr