AZ

Karlo Ançelotti “Real”dan getdi - Rəsmi

İspaniya nəhəngi “Real” baş məşqçisi, 65 yaşlı italyan mütəxəssis Karlo Ançelotti ilə yolların ayrıldığını rəsmi olaraq bəyan edib.

Arena.az xəbər verir ki, bu barədə Madrid klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, tərəflər 2026-cı ilin iyununa qədər nəzərdə tutulmuş mövcud müqaviləni qarşılıqlı razılıq əsasında ləğv ediblər.

Madrid klubunun yaydığı açıqlamada bunlar qeyd olunun: “Klubumuz dünya futbolunun ən böyük əfsanələrindən birinə öz minnətdarlığını və sevgisini bildirmək istəyir. Ançelotti 123 illik tariximizin ən uğurlu dövrlərindən birində komandamıza rəhbərlik edib və 3 UEFA Çempionlar Liqası, 3 FİFA Klub Dünya Kuboku, 3 Avropa Super Kuboku, 2 İspaniya çempionluğu, 2 İspaniya Super Kubokunu qazanmaqla klubun ən titullu məşqçisi olub. “Real”ın sükanı arxasında olduğu 6 il ərzində 15 titul qazanıb. Klub ona və bütün ailəsinə həyatının bu yeni mərhələsində uğurlar arzulayır”.

Xatırladaq ki, Ançelotti Braziliya millisinin baş məşqçisi olmağa razılıq verib və mayın 26-dan “selesao”nun sükanı arxasına keçəcək. “Real”da isə Ançelottini “Bayer”in baş məşqçisi Xabi Alonsonun əvəz etməsi gözlənilir.

Karlo Ançelottinin “Real”la ilk macərası 2013-2015-ci illəri əhatə edib. Daha sonra 2021-ci ildə “Kral klubu”na geri qayıtmış italyan mütəxəssis indiyədək “qaymaqlılar”ı çalışdırır. Çalışdırdığı müddətdə Karlo Ançelotti “Real”ı 349 oyuna çıxarıb, 249 qələbə, 48 heç-heçə, 52 məğlubiyyət yaşayıb. İtalyan mütəxəssisin rəhbərliyi altında “qaymaqlılar”ın top fərqi isə 837:346 nisbətindədir.

Təcrübəli mütəxəssisin rəhbərliyi altında “Real”ın qazandığı qalibiyyətlərə İspaniya La Liqası (2021/2022, 2023/2024), İspaniya Kral Kuboku (2013/2014, 2022/2023), İspaniya Super Kuboku (2021/2022, 20223/2024), Çempionlar Liqası (2013/2014, 2021/2022, 2023/2024), UEFA Super Kuboku (2014/2015, 2022/2023, 2024/2025) və FIFA Klub Dünya Kuboku (2014/2015, 2022/2023) və FIFA Qitələrarası Kubok (2023/2024) daxildir.

65 yaşlı Karlo Ançelottinin məşqçilik məktəbindən həmçinin “Everton”, “Napoli”, “Bayern”, PSJ, “Çelsi”, “Milan”, “Yuventus”, “Parma” və “Recana” keçiblər.

Seçilən
0
2
arena.az

10Mənbələr