AZ

Mirasla bağlı yeni qaydalar müəyyən olundu

Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə olunan Mülki Məcəlləyə dəyişiklik edilməsi barədə qanun layihəsində bəzi məsələlər öz əksini tapıb.

 

7Times.az mirasla bağlı olan bu dəyişiklikləri təqdim edir:

 

1.Miras şəriklərinə vərəsəlik şəhadətnaməsi verilməsi zamanı şəhadətnamə almaq üçün müraciət etməmiş miras şəriklərinin hüquqlarının təmin edilməsi, habelə miras şərikləri arasında miras paylara sərəncam verilməsini nəzərdə tutan yeni qaydalar müəyyən edilir.

 

Qanun layihəsinə əsasən, notarius vərəsəlik şəhadətnaməsinin əldə olunması üçün müraciət edən vərəsəyə şəhadətnamə verərkən vərəsə olan, lakin şəhadətnamə almaq üçün müraciət etməmiş digər vərəsələrin (miras şəriklərinin) də mirasdan onlara çatacaq paylarını müəyyən edərək həmin şəhadətnamədə göstərəcək.

 

Daşınmaz əmlakın dövlət reyestrini və daşınar əmlakın rəsmi reyestrlərini aparan orqan tərəfindən yuxarıda nəzərdə tutulmuş vərəsələr (miras şərikləri) və onların payları barədə məlumat müvafiq reyestrə daxil ediləcək.

 

Hər bir miras şəriki yuxarıda müəyyən edilmiş payına da vərəsəlik şəhadətnaməsi ala biləcək.

 

Yuxarıda nəzərdə tutulmuş miras şəriklərinin miras paylarına sərəncam vermək hüquqları olacaq. Həmin şəxslər vərəsəlik şahadətnaməsi alanadək notariat qaydasında təsdiq edilmiş müqaviləyə əsasən miras paylarına sərəncam verə biləcəklər. Miras şərikləri arasında miras paylara sərəncam verilməsi haqqında müqavilə əsasında miras payı əldə etmiş vərəsənin mirasdakı payı əldə etdiyi pay nisbətinə uyğun artırılacaq və vərəsəlik şəhadətnaməsində yekun payı göstəriləcək.

 

Mövcud qanunvericiliyə əsasən, vərəsəlik şəhadətnaməsi həm bütün miras, həm də onun bir hissəsi üçün verilə bilər. Şəhadətnamə həm bütün vərəsələrə birlikdə, həm də ayrılıqda hər birinə arzularına uyğun olaraq verilir. Vərəsələrdən birinə mirasın bir hissəsi üçün vərəsəlik şəhadətnaməsinin verilməsi digər vərəsələri mirasın qalan hissəsi üçün şəhadətnamə almaq hüququndan məhrum etmir.

 

2. Mirasdan imtina etməmək mirasın qəbulu şərti hesab olunacaq.

 

Mövcud qanunvericiliyə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər.

 

Təklif edilən dəyişikliyə əsasən, vərəsə yuxarıda müəyyən olunmuş müddət ərzində mirasın qəbulundan imtina etmədikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılacaq.

 

3.Mirasın qəbul edilməsinin xüsusi müddəti və mirasın qəbul edilməsi vaxtının uzadılması aradan qaldırılır.

 

Belə ki, 26 dekabr 2023-cü il tarixli sonuncu qərarla Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən maddələr qüvvədən düşmüş hesab edilib.

Bildirilib ki, mirasın qəbul edildiyi müddəti nəzərdə tutan normalar qüvvədən düşdüyü üçün mirasın qəbul edilməsinin xüsusi müddətini və mirasın qəbul edilməsi vaxtının uzadılmasını nəzərdə tutulan maddələr də əhəmiyyətini itirib. Qanun layihəsində həmin maddələrin ləğv edilməsi təklif olunur.

Mövcud qanunvericiliyə əsasən, əgər miras almaq hüququ digər vərəsələrin mirası qəbul etmədikləri halda yaranırsa, miras onun qəbulu üçün müəyyənləşdirilmiş müddətin qalan hissəsi ərzində qəbul edilməli, bu müddət altı həftədən az olduqda isə altı həftəyədək uzadılmalıdır.

Həmçinin, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Mirasın qəbulunu gecikdirmiş vərəsəyə digər vərəsələrin aldığı və ya dövlətin mülkiyyətinə keçmiş əmlakdan pay qalan əmlakdan naturada verilir; ona çatası əmlakın qalan hissəsinin dəyərinin məbləği də verilir.

Seçilən
0
13
7times.az

10Mənbələr