Mayın 21-22-də Özbəkistanın paytaxtı Daşkənddə keçirilmiş "M360 Eurasia 2025" tədbiri qlobal telekommunikasiya və texnologiya sektorunun diqqət mərkəzində olub.
Sənaye liderlərini bir araya gətirən bu platforma güclü kommunikasiya, strateji əməkdaşlıq və innovativ həllər istiqamətində fikir mübadiləsi üçün geniş imkanlar yaradıb.
Tədbir çərçivəsində "Azercell Telecom" MMC-yə məxsus "A-Solutions Elektron Pul Təşkilatı" MMC-nin Baş İcraçı Direktoru Həsən Həsənov “Rəqəmsal inkişafda tərəfdaşlıqların rolu” mövzusuna həsr olunmuş panel müzakirəsində əsas spiker qismində çıxış edib.
Panelin digər iştirakçıları sırasında "JazzCash" (əvvəlki "MobiCash") şirkətinin prezidenti Murtaza Ali, "B.EST Solutions" şirkətinin baş icraçi direktoru Yana Krimpe və Özbəkistan İnformasiya Texnologiyaları Parkının Baş İcraçı Direktoru Abdulakhad Kuchkarov da yer alıblar.
Çıxışı zamanı H.Həsənov strateji tərəfdaşlıqların verdiyi dəyər və yaratdığı imkanları vurğulayaraq deyib: “Biz A-Solutions" olaraq inanırıq ki, rəqəmsal inkişafın əsasında düzgün qurulmuş tərəfdaşlıqlar, ortaq dəyərlər və aydın məqsədlər dayanır. Müasir dövrdə rəqabət ayrı-ayrı şirkətlər arasında deyil, bütöv ekosistemlər arasında gedir. Ən böyük nailiyyətlər qarşılıqlı etimad və ortaq məsuliyyətə əsaslanan əməkdaşlıqlarla mümkündür. Belə tərəfdaşlıqlar məhsulu daha geniş bir platformaya, ideyanı isə yeni inkişaf mərhələsinə daşıya bilər. Biz bu yanaşmanı strateji seçim olmaqla yanaşı, davamlı uğura aparan yol kimi də dəyərləndiririk”.
O, həmçinin "A-Solutions"ın əsas missiyasının ölkədə nağdsız əməliyyatları təşviq etməklə rəqəmsal iqtisadiyyatın inkişafına töhfə vermək olduğunu bildirib.
"A-Solutions" Azərbaycan Mərkəzi Bankından lisenziya almış ilk elektron pul təşkilatıdır, fintex sahəsində təqdim etdiyi innovativ məhsul — akart rəqəmsal kartı ilə telekommunikasiya və maliyyə texnologiyalarını bir araya gətirərək həm yerli, həm də beynəlxalq əməkdaşlıq imkanlarını genişləndirir.
"Azercell Telecom" indiyə qədər iki dəfə M360 Eurasia tədbirinə baş sponsor qismində dəstək verib, builki tədbirdə isə şirkətin rəhbər heyəti panel müzakirələrində fəal iştirakını davam etdirib.