“Korrupsiya ilə mübarizədə ən vacib məsələ beynəlxalq əməkdaşlıqdır”.
APA xəbər verir ki, bunu Bakıda BMT-nin Korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanlarının Qlobal Əməliyyatlar Şəbəkəsi – GlobE Network çərçivəsində Altıncı Plenar İclasda iştirak edən Pakistanın Milli Hesabatlılıq Bürosunun (NAB) sədr müavini Sohail Nasir jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, korrupsiya ilə mübarizə sahəsində Pakistan Azərbaycanla memorandum imzalamağa hazırdır: “Bilirsiniz, son 1 ildə Pakistanın baş naziri də Azərbaycanla ticarət və sərmayəni inkişaf etdirəcəyini bəyan edib. Bu işlər başlayan kimi korrupsiya elementi də ola bilər. Beləliklə, bizim ortaq problemlərimiz yarana bilər. Azərbaycan və Pakistan korrupsiyaya qarşı mübarizə üzrə təcrübə mübadiləsi apara və birgə təlimlər təşkil edə bilər. Bu addımlar, xüsusilə də ən ciddi məsələ olan çirkli pulların yuyulmasına qarşı mübarizə mütləq çox müsbət nəticələr verə bilər. Pakistan adından bu tədbirə Azərbaycanın ev sahibliyini yüksək qiymətləndirirəm və Azərbaycanı alqışlayıram. Biz hər cür dəstəyə hazırıq və Azərbaycanla işləmək istəyirik”.