İtaliyanın Peruca şəhərində keçirilən dünya çempionatında yüksək nəticələr əldə edən kunq-fu üzrə Azərbaycan millisinin üzvləri Vətənə qayıdıblar. Metbuat.az xəbər verir ki, onları Heydər Əliyev Beynəlxalq Aeroportunda media mənsubları, azarkeşlər və idmançıların yaxınları qarşılayıblar."Light sanda" növü üzrə mübarizə aparan idmançılarımız yarışı 5-i qızıl, 2-si gümüş olmaqla, ümumilikdə 7 medalla başa vurublar.Qızların yarışında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın qızı, Prezident İlham Əliyevin nəvəsi Əminə Əliyeva (11 yaş, 38 kiloqram) dünya çempionu olub.Oğlanlar arasında isə Rəsul Əsgərov (11-12 yaş, 36 kiloqram), Hüseyn Əliyev (13-15 yaş, 48 kiloqram), Toğrul Mikayılov (böyüklər, 65 kiloqram), Eller Orucov (böyüklər, 75 kiloqram) qızıl, Əli Baxışov (11-12 yaş, 33 kiloqram) və Əkbər Əhmədzadə (13-15 yaş, 70 kiloqram) gümüş mükafata yiyələniblər.Azərbaycan yığması bu nəticə ilə komanda hesabında isə 3-cü yerin sahibi olub.