AZ

Ərəb ölkələri ABŞ-İran nüvə danışıqlarını alqışlayır

Ərəb Dövlətləri Liqasına (ƏDL) üzv ölkələr Tehranın nüvə proqramı ilə bağlı yaranmış vəziyyətin nizamlanması məqsədilə ABŞ və İran arasında aparılan danışıqları dəstəklədiklərini bəyan ediblər.

Operativ Media xəbər verir ki, bu barədə Bağdadda keçirilən ƏDL sammitinin yekunlarına dair qəbul olunmuş bəyannamədə bildirilir.

“Beynəlxalq arenada müşahidə olunan artan gərginliklər diplomatiyanın zəifləməsi və münaqişələrin həllində güc tətbiqinin artması tendensiyasını nümayiş etdirir”, – deyə sənəddə vurğulanır.

Bu kontekstdə ərəb liderləri qeyd ediblər ki, nüvə enerjisindən yalnız dinc məqsədlərlə istifadə olunması, habelə uranın zənginləşdirilməsi səviyyəsinin yalnız sülh məqsədlərinə xidmət edəcək məhdudiyyətləri aşmaması vacibdir. Onlar bu məqsədlə İran və ABŞ arasında aparılan danışıqları dəstəklədiklərini bildiriblər.

Sənəddə həmçinin Omanın ABŞ-İran arasında məsləhətləşmələrdə oynadığı vasitəçilik roluna xüsusi diqqət yetirilib və bu təşəbbüs yüksək qiymətləndirilib.

Bağdad sammitinin iştirakçıları Yaxın Şərqdə “nüvə silahlarından və digər kütləvi qırğın vasitələrindən azad zona” yaradılmasının zəruriliyini də vurğulayıblar. Ərəb ölkələrinin liderləri bütün maraqlı tərəfləri Nüvə Silahlarının Yayılmaması Müqaviləsinə qoşulmağa çağırıblar.

Qeyd edək ki, mayın 11-də Tehran və Vaşinqton arasında aparılan danışıqların dördüncü raundu Omanın vasitəçiliyi ilə baş tutub. Danışıqlarda İran tərəfinə xarici işlər naziri Abbas Əraqçi, ABŞ nümayəndə heyətinə isə prezidentin xüsusi nümayəndəsi Stiven Vitkoff rəhbərlik edib. İranın xarici siyasət idarəsinin rəhbəri bu raundun əvvəlkilərlə müqayisədə daha ciddi və səmimi keçdiyini, tərəflərin mövqelərinin isə müəyyən qədər yaxınlaşdığını bildirib.

Mayın 16-da isə ABŞ Prezidenti Donald Tramp vəziyyətin həlli məqsədilə Tehrana yazılı təklif göndərildiyini açıqlayıb.

 

Seçilən
0
50
operativmedia.az

10Mənbələr