Bakının düz mərkəzində belə bir sərgi bizim üçün sürpriz oldu, əlbəttə ki, sovet avtosənayesinin inciləri görmək zövqümüzü oxşadı.
"Report" xəbər verir ki, bu barədə Rusiyanın Vladimir vilayətindən ölkəmizə dincəlməyə gələn Mixail Xaritonov paytaxtın Əziz Əliyev küçəsindən başlayaraq Qoşa Qala qapısınadək "Sürətin evolyusiyası" layihəsi çərçivəsində keçirilən klassik avtomobillərin sərgisini ziyarət edərkən bildirib.
Rusiyalı qonaq onun vətənində istehsal edilən klassik maşınları görməsindən şad olduğunu gizlətməyib:
“Burada atamın sürdüyü QAZ-21 modelini də gördüm, özümün vaxtilə sürdüyüm “Moskvich”i də. Ümumiyyətlə, sərgidə nümayiş olunan sovet maşınları çox gözəl, səliqəli idi, hiss olunur ki, sahibləri onları necə saxlayıblar, nazları ilə oynayıblar. Belə maşınlar xüsusi qulluq tələb edirlər”.
Artıq 4 gündür Bakıda olan qonaq həyat yoldaşı ilə şəhər gəzintisinə çıxdığını və belə bir sərgiyə rast gəldiyini bildirib:
“İnsanlarınız çox mehribandırlar, Bakıda ən çox bəyəndiyim bu oldu. Dil, ünsiyyət problemi yoxdur, gördük hamı bu küçəyə axın edir, biz də insanların arxasına düşüb gəldik və belə bir sərgini kəşf etdik.
Dedilər ki, sabah davamı da olacaq, biz sabah da gələcəyik. Əlbəttə, həm zaman keçirmək üçün, həm nostalji hisslər yaşamaq üçün, həm də müasir maşınları görüb heyrətlənmək üçün belə sərgi çox faydalıdır”.
Qeyd edək ki, bu gün başlayan sərgi sabah sürət avtomobillərinin nümayişi ilə davam edəcək.