AZ

Bir milyon fələstinlini Liviyaya köçürürlər! Tramp administrasiyasının planı ortaya çıxdı!

ABŞ mərkəzli NBC News və Reuters agentliklərinin yaydığı məlumata görə, Prezident Donald Trampın administrasiyası Qəzza zolağından bir milyon fələstinlinin Liviyaya köçürülməsi planı üzərində işləyir.

Musavat.com xəbər verir ki, məlumatlar ABŞ və Liviya rəsmiləri arasında bu istiqamətdə gizli danışıqların artıq başladığını göstərir.

Plan beynəlxalq aləmdə ciddi rezonansa səbəb olub. ABŞ tərəfindən təqdim edilən ilkin təklifə görə, Vaşinqton Liviyaya qarşı illərdir tətbiq etdiyi milyardlarla dollar dəyərində dondurulmuş vəsaitləri azad etməyi və qarşılığında Tripolidən fələstinli qaçqınları qəbul etməyi istəyir.

Trampın

Musavat.com bildirir ki, bu təşəbbüs Trampın əvvəlki bəyanatları ilə də uzlaşır. Xatırladaq ki, ABŞ prezidenti daha öncə Qəzzanı “azadlıq zonası”na çevirmək və ərazidə turizm və iqtisadi zona yaratmaq niyyətini açıqlamışdı. Tramp Qəzzanı “Yaxın Şərqin Rivierası”na çevirməyi planlaşdırdığını bildirərək, əhalinin kütləvi şəkildə başqa bölgələrə köçürülməsini təklif etmişdi.

Planın ortaya çıxması ilə BMT, ərəb ölkələri və beynəlxalq hüquq müdafiəçiləri ciddi narahatlıq ifadə ediblər. Onların fikrincə, bu təşəbbüs “etnik təmizləmə”, “məcburi deportasiya” və “1948-ci ilin Nakbasının təkrarı” kimi dəyərləndirilə bilər.

Judge

Hazırda Qəzzada təxminən 2,3 milyon insan yaşayır və onların böyük əksəriyyəti artıq məcburi köçkün vəziyyətindədir. BMT-nin hesabatına əsasən, münaqişənin başladığı gündən bu günə qədər təxminən 53 min insan həyatını itirib. Trampın planı bu vəziyyəti daha da dərinləşdirə və regional sabitliyi təhlükə altına ala bilər.

Siyasi analitiklər bildirirlər ki, Trampın planı reallaşacağı təqdirdə, münaqişə bölgəsində Liviyanın yeni bir “qaçqın düşərgəsi ölkəsi”nə çevrilməsi təhlükəsi var. Hazırda ölkə daxilində qeyri-sabitlik, silahlı qruplar və idarəetmə boşluqları mövcuddur. Belə bir humanitar yükün Liviyanın üzərinə qoyulması ölkənin içərisində yeni qarşıdurmalara yol aça bilər.

Trump

Bu plan eyni zamanda Trampın ikinci prezidentlik dövründə Yaxın Şərqdə “ənənəvi müttəfiqlər – yeni tərəfdaşlar” siyasətini daha da irəli aparmaq niyyətindən xəbər verir. ABŞ artıq İsraillə razılaşan ərəb ölkələri ilə yanaşı, qeyri-tradisional oyunçular – Liviya, Sudan, hətta Suriya kimi ölkələri də bölgə planlarına daxil etməyə çalışır.

Ekspertlərin fikrincə, bu köçürülmə sadəcə humanitar böhranın həlli deyil, geopolitik təzyiq və Yaxın Şərqin demoqrafik mənzərəsinin dəyişdirilməsi cəhdi kimi qiymətləndirilə bilər. Tramp administrasiyası bu planı strateji üstünlük kimi təqdim etsə də, xalq iradəsi və hüquq normaları ilə toqquşma qaçılmaz görünür.

R. Abbasov,
Musavat.com

Seçilən
0
4
musavat.com

10Mənbələr