AFFA İntizam Komitəsi "Turan Tovuz-2"nin baş məşqçisi Ruslan Məmmədovu 5 oyunluq cəzalandırıb.
Sportinfo.az xəbər verir ki, bu barədə milli assosiasiyanın rəsmi saytı məlumat yayıb.
Mütəxəssis Əvəzedicilər Liqasında "Neftçi-2" ilə keçirilən oyun bitdikdən sonra hakimləri təhqir etdiyi üçün cəza ilə üzləşib.
Tovuz klubu 400 manat cərimələnib.
Prinsipial rəqiblərin qarşılaşması bu dəfə də insidentlə yadda qalıb.
56-cı dəqiqədə Fərid Cəfərovun İbrahimov Novruzova qarşı kobudluğu öncə iki futbolçu arasında münaqişəyə səbəb olub, ardınca digərləri də davada iştirak edib.
Nəticədə baş hakim Kamranbəy Rəhimov “Turan Tovuz”un ehtiyat oyunçular skamyasında yer alan Cavid Qasımovu qırmızı, digər iştirakçıları sarı vərəqə ilə cəzalandırıb.
Az sonra oyun epizodunda kobudluq edən İsmayıl İsmayılov, ardınca Fərid Cəfərov da “qırmızı” alaraq meydan sahiblərini çətin vəziyyətdə qoyublar.
Gərgin keçən matç 2:2 hesabı ilə başa çatıb ki, “Neftçi” “Sabah”la çempionluq mübarizəsində vacib xallar itirib.