Xəzər regionunun ən böyük sərgisi əməkdaşlıq əlaqələrinin genişlənməsində mühüm rol oynayır
Yüksək inkişaf dinamikasına malik olan Azərbaycan özünün təcrübəsini, ayrı-ayrı sahələrdə qazandığı uğurları və ölkəmizin müsbət reallıqlarını müxtəlif platformalar vasitəsilə beynəlxalq istimaiyyətə təqdim edir. Belə təqdimatlar respublikamızın dünyada nüfuzunun daha da artmasında və əməkdaşlıq əlaqələrinin genişlənməsində mühüm rol oynayır.
Beynəlxalq Qida Sənayesi - “InterFood Azerbaijan” və Beynəlxalq Kənd Təsərrüfatı - “Caspian Agro” sərgiləri də artıq Cənubi Qafqazda, Avropa İttifaqı (Aİ) məkanında, körfəz ölkələrində və daha geniş coğrafiyada tanınan və maraqla gözlənilən platformaya çevrilib. Mayın 13-də Prezident İlham Əliyev Bakı Ekspo Mərkəzində XXX Yubiley Azərbaycan Beynəlxalq Qida Sənayesi - “InterFood Azerbaijan” və XVIII Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı - “Caspian Agro” sərgiləri ilə tanış olub. Artan maraq, iştirakçı və ziyarətçilərin istəkləri nəzərə alınaraq, bu il sərgilər 4 gün davam edəcək.
Sərgilər Azərbaycanın kənd təsərrüfatı və qida sənayesinin inkişafına dəstək verərək, ölkənin ixrac potensialının artırılmasına, xarici investisiyaların cəlb edilməsinə imkan yaradır, eyni zamanda, qida təhlükəsizliyi və innovativ həllərin tətbiqi üçün əlverişli platforma rolunu oynayır. Sərgilərin miqyasını və sərgi çərçivəsində keçirilən tədbirlərin zəngin proqramını nəzərə alaraq, “Caspian Agro” və “InterFood Azerbaijan” 2026-cı ildən etibarən yeni “AgriWeek” brendi altında keçiriləcək.
Yeni strateji mərhələdə Azərbaycanın əsas hədəflərindən biri - qeyri-neft ixracının artırılması
Azərbaycanın ixracında ənənəvi olaraq enerji daşıyıcıları üstünlük təşkil edir. Xüsusilə son illərdə respublikamız qlobal enerji bazarlarına neft-qaz məhsullarının ixracını artırmaqla ayrı-ayrı ölkələrin, bütövlükdə Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır.
Yeni strateji mərhələdə qarşıya qoyulan hədəf isə neftdən kənar sahələr, o cümlədən də aqrar sektor üzrə istehsal həcmlərini artırmaqdır. Burada iki amil əsas götürülür:
-Dünyadakı reallıqlar və mənfi xarici risk ehtimalları nəzərə alınmaqla ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasında daxili istehsalın payının yüksəldilməsi,
-İxracın şaxələndirilməsi, Azərbaycan üçün ənənəvi olan kənd təsərrüfatı məhsullarının yeni bazarlara çıxarılması. Prezident İlham Əliyevin imzaladığı müvafiq fərmanla təsdiqlənən milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsində adambaşına düşən qeyri-neft ixracının artırılması hədəf indikatorlarından biri kimi müəyyənləşdirilib.
Eyni zamanda, qarşıya qoyulan yüksək hədəflərə çatmaqdan ötrü müxtəlif təşviq alətləri işə salınıb, özəl şirkətlərin qarşısında geniş imkanlar yaradan, onlara təminatlar və üstünlüklər verən möhkəm hüquqi baza yaradılıb. Ümumiyyətlə, ölkənin ixrac imkanlarının genişləndirilməsi məqsədilə həyata keçirilən tədbirlərin spektri kifayət qədər genişdir. “Yaşıl dəhliz”, “Tax free” sistemlərinin tətbiqi, bəzi məhsulların idxal rüsumlarının artırılması, idxal edilən xammallarda isə rüsumların azaldılması da mühüm islahat tədbirlərindəndir və ixracyönümlü məhsul istehsalının həcminin artmasına müsbət təsir göstərir. Xarici ölkələrdə yaradılan logistik mərkəzlər, ticarət evləri də ixracın təşviqində müsbət rol oynayır. Artıq ayrı-ayrı ölkələrdə müvafiq strukturlar uğurla fəaliyyət göstərir. Azərbaycanın ilk ticarət nümayəndəliyi Rusiya Federasiyasında açılıb. Hazırda respublikamıza aid ticarət evləri Çində və bir sıra Avropa ölkələrində uğurla fəaliyyət göstərir. Həmçinin “Made in Azerbaijan” brendi yaradılıb, ixaracatçılara dəstək tədbirləri müəyyənləşdirlib. “Made in Azerbaijan” brendinin xarici ölkələrdə təbliği məqsədilə ixrac missiyaları təşkil edilir, beynəlxalq sərgilərdə yerli məhsullarımız vahid ölkə stendində nümayiş olunur, ixracatçılara məsləhət xidməti göstərilir, ixtisaslaşmış assosiasiyaların yaradılması dəstəklənir.
Milli brendə çevrilən sərgilər
Sərgilər Kənd Təsərrüfatı Nazirliyinin təşkilati dəstəyi ilə keçirilir. Eyni zamanda, sərgilərə Qida Təhlükəsizliyi Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi, Sahibkarlar Təşkilatları Milli Konfederasiyası, Qida və İçki Sənayeçiləri Assosiasiyası, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı və Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyası fəal şəkildə dəstək verir.
Milli brendə çevrilmiş “InterFood Azerbaijan” və “Caspian Agro” sərgiləri kənd təsərrüfatı və qida sənayesi sahələrində Xəzər regionunun ən böyük sərgiləridir. Bakı Ekspo Mərkəzinin bütün pavilyonlarını, həmçinin açıq sahəsini əhatə edən və mayın 16-da başa çatacaq “InterFood Azerbaijan” və “Caspian Agro” sərgilərində 31 ölkədən 450 şirkət iştirak edir. Budəfəki sərgi “InterFood Azerbaijan” üçün yubiley sərgisidir - artıq otuzuncu dəfədir ki, dünyanın müxtəlif ölkələrindən çoxsaylı şirkətlərin təmsilçiləri Bakıda bir araya gəlirlər.
Ötən illər ərzində 50-dək ölkədən 3 mindən çox şirkət və 150 mindən artıq ziyarətçini qəbul edən sərgi səmərəli biznes platforması statusunu qazanıb. Burada təqdim olunan yeni texnologiyalar və innovativ həllər qida sənayesi sahəsinin inkişafına və biznes əlaqələrinin genişləndirilməsinə əlverişli imkanlar yaradır. Eyni zamanda, sərgi ərzaq təhlükəsizliyinin əsas aspektlərini əhatə edərək, onun gücləndirilməsinə də töhfə verir.
Sərgilərin coğrafiyası dünyanın bir çox ölkələrini əhatə edir
Bakının ənənəvi olaraq ev sahibliyi etdiyi sərgilərə beynəlxalq səviyyədə maraq getdikcə artır. Sərgilərin coğrafiyası dünyanın bir çox yerini əhatə etməklə, olduqca genişdir. Burada ABŞ, Çin, Qazaxıstan, Özbəkistan, Rusiya, Türkiyə və digər ölkələrin aparıcı kənd təsərrüfatı istehsalçıları məhsullarını nümayiş etdirirlər. Qeyd edək ki, Almaniya, Belarus, Cənubi Koreya, Gürcüstan, İtaliya, Niderland, Şri-Lanka, eləcə də ilk dəfə olaraq Misir sərgilərdə milli qruplar şəklində təmsil olunurlar.
Dövlətimizin başçısı ayrı-ayrı ölkələrin milli stendləri ilə tanış olub. Tədbirdə İtaliya Respublikasının Milli Qrupu”nda ümumilikdə 7 şirkət təmsil olunur. Bu ölkə 10 ildən çoxdur ki, sərgilərə qatılır.
Almaniya da sərgidə mütəmadi qaydada iştirak edir. “Almaniya Milli Qrupu”nda kənd təsərrüfatı məhsullarını təqdim edən 8 şirkət təmsil olunur. Vurğulamaq yerinə düşər ki, Almaniya 5 ildir ki, sərgilərdə iştirak edir.
Cənubi Koreyanın stendində 3 şirkət təmsil olunur. Onlar kənd təsərrüfatı məhsulları sahəsində tanınmış şirkətlərdir. Cənubi Koreya artıq ikinci ildir ki, sərgilərə qatılır.
“Gürcüstan Milli Qrupu”nda 8 şirkət var. Qonşu və dost ölkə indiyədək 10 dəfə sərgilərdə təmsil olunub.
Belarus da sərgilərə böyük maraq göstərən ölkələrdəndir. Milli stenddə qida məhsulları istehsal edən 15 şirkət təmsil olunur. 10 ildən çoxdur bu ölkə sərgilərdə iştirak edir.
Azərbaycan məhsullarına artan maraq
Beynəlxaq sərgilər ölkələr, şirkətlər arasında körpülər yaradılması baxımından müstəsna rola malikdir. Azərbaycan şirkətləri də dövlət dəstəyindən bəhrələnməklə mütəmadi qaydada xarici ölkələrdə təşkil olunan beynəlxalq sərgilərə qatılırlar. 2024-cü ildə AZPROMO-nun dəstəyi ilə ixracatçılarımız 47-ci Beynəlxalq Bağdad Sərgisi, Almaniyada “Greenweek” və “Prowein”, Rusiyada “Prodexpo” və “Russia Halal Expo 2024”, Birləşmiş Ərəb Əmirliklərində “Gulfood”, Yaponiyada FOODEX, eləcə də İtaliyanın Rimini şəhərində “Macfrut”, Səudiyyə Ərəbistanın Ər-Riyad şəhərində “Saudi Food Show 2024” və Şanxayda 7-ci Çin Beynəlxalq İdxal Sərgisi kimi ümumilikdə 10 beynəlxalq sərgidə iştirak ediblər. Qurum tərəfindən 2025-ci ildə isə “WorldFood Moscow 2025”, Köln şəhərində “Anuga” və Şanxay şəhərində 8-ci Çin Beynəlxalq İdxal sərgilərində vahid ölkə stendi ilə Azərbaycan sahibkarlarının iştirakının təmin olunması planlaşdırılır. Bu sərgilərdə həm qabaqcıl beynəlxalq təcrübə öyrənilir, həm də partnyorlarla daha sıx əlaqələr qurularaq onlarla yeni müqavilələr imzalanır.
Bakıda təşkil olunan sərgilərdə də iştirakçılar “Made in Azerbaijan” brendinə böyük maraq göstərirlər. Kənd Təsərrüfatı Nazirliyi bu il də sərgilərdə stendlə iştirak edir. 2025-ci ildə nazirliyin iştirakının əsas mövzusu süni intellektin kənd təsərrüfatında tətbiqi ilə bağlıdır. Belə ki, dövlətimizin başçısının tapşırığına uyğun olaraq süni intellektin kənd təsərrüfatında tətbiqi prioritet kimi müəyyən olunub. Sərgilər çərçivəsində nazirlik tərəfindən süni intellektin tətbiqi ilə bağlı layihələr iştirakçılara təqdim edilir. Hazırda gündəmdə olan əsas məsələlərdən biri Azərbaycan universitetlərində süni intellekt istiqamətində təhsil alan tələbələr və bazarda olan böyük aqroparklar arasında sinerjinin yaradılmasıdır. Həmçinin budəfəki “InterFood” sərgisinə AZPROMO-nun “Made in Azerbaijan” stendində təbii bal, meyvə-tərəvəz, qurudulmuş meyvələr, spirtli içkilər, şərab və süd məhsullarının istehsalı sahələrində fəaliyyət göstərən 8 şirkət təmsil olunur.
“Caspian Agro” kənd təsərrüfatı texnikası, obyektləri və avadanlıqları, suvarma sistemi, qablaşdırma, kənd təsərrüfatında innovasiya texnologiyaları, heyvandarlıq və quşçuluq, baytarlıq, bitkiçilik, meyvə və tərəvəzlərin yetişdirilməsi, gülçülük, tullantıların emalı, logistika, elektron kənd təsərrüfatı kimi sahələri əhatə edir. Buraya kənd təsərrüfatı sənayesinin aparıcı iştirakçıları, yerli və xarici ekspertləri, o cümlədən idxalçılar, ixracatçılar, məhsulların distribütorları, topdan və pərakəndə ticarət nümayəndələri, həmçinin fermerlər də daxil olmaqla minlərlə peşəkar toplaşır.
Ekspozisiyada “Smart Agro” istiqaməti üzrə süni intellekt, ağıllı kənd, startaplar, İT xidmətləri, robototexnika, pilotsuz uçuş aparatları və “green agro” bölmələri də yer alır.
Yerli biznes strukturlarının sərgilərə məmnuniyyətlə qatılmaları da böyük əhəmiyyət daşıyır. Uzun illərdir ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi sərgiləri fəal şəkildə dəstəkləyir, kiçik və orta sahibkarların tədbirlərdə iştirakı üçün stend təşkil edir. Şirkətlər bazarın yenilikləri ilə tanış olur, sahənin aparıcı liderləri ilə əlaqələr quraraq, inkişaf edirlər.
Mübariz ABDULLAYEV