Hamiləlik dövründə düzgün qidalanma yalnız ananın sağlamlığı üçün deyil, eyni zamanda körpənin gələcək inkişafı üçün də mühüm əhəmiyyət daşıyır.
Milli.Az xəbər verir ki, Finlandiyada aparılan yeni bir araşdırma hamiləlik zamanı avokado istehlakının həm ana, həm də körpə üçün allergiya riskini azaltmaqda əhəmiyyətli rol oynadığını ortaya çıxarıb.
Şərqi Finlandiya Universitetinin alimləri 2013-2022-ci illər arasında 2200-dən çox ana və körpəni təqib ediblər. Araşdırma nəticələrinə görə, hamiləlik dövründə müntəzəm olaraq avokado yeyən anaların uşaqlarında bir yaşa qədər qida allergiyası inkişaf etmə riski 44 faiz daha aşağı olub.
Diyetoloq Dr. Sari Hantunen valideynlər arasında getdikcə artan qida allergiyası narahatlığını vurğulayaraq bildirib:
"Qida allergiyasının hələlik qəti müalicəsi yoxdur. Ancaq bu cür tədqiqatlar gələcəkdə profilaktik tədbirlərin inkişafı baxımından çox ümidvericidir."
O, həmçinin avokadonun tərkibindəki antioksidantlar və liflərin sağlam bağırsaq mikrobiomunu dəstəklədiyini, bunun da immunitet sisteminə müsbət təsir etdiyini bildirib.
Fidan
Milli.Az