AZ

İşdən çıxarılan sədrin əmlakları üzə çıxdı - FOTO

İmişlidə 9 may tədbirləri zamanı SSRİ bayrağı qaldıran rayon Ağsaqqallar Şurasının sədri (13.05.2025 tarixində vəzifəsindən azad edilib - red.) Saleh Səmədovla bağlı bir sıra faktlar üzə çıxıb.

Publika.az Unikal-a istinadən xəbər verir ki, Saleh Səmədovun İmişlidə "Kral Saray" adlı şadlıq sarayı, "Kral" çay evləri şəbəkəsi, uşaq baxçası, çörək sexi, spirt-şirə zavodu, hipermarketi, kolbasa sexi, mal-qara və donuz ferması, eləcə də 20 hektar ərazini əhatə edən istilikxanası var.

Əvvəllər 90 AA 679 nömrəli "Rolls Royce" sürən iş adamının paytaxtda da çoxsaylı villaları, market, restoranları və tikinti şirkətinin olduğu deyilir.

Bildirilib ki, 1962-ci ildə anadan olan S.Səmədov 1997-ci ildə Azərbaycan Dövlət İqtisad İnstitutunu, 2001-ci ildə isə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirib.

S.Səmədov 2002-ci ildə İmişli rayon "Araz" MMC-ni təsis edib. 2010-2011-ci illərdə İmişli Rayon İcra Hakimiyyətində başçının sosial-iqtisadi məsələlər üzrə müavini, 2011-2013-cü illərdə "Xan-Araz" MMC-də prezident, 2013-2018-ci illərdə Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və patent üzrə Dövlət Komitəsi Regional Ərazi idarəsində rəis, 2018-2020-ci illərdə Azərbaycan Metrologiya İnstitutunda baş direktor, 2020-2021-ci illərdə "Azər-S-Test" MMC-də direktor vəzifələrində işləyib.

2024-cü ilin aprel ayının sonlarında İmişli Rayon Ağsaqqallar Şurasının inzibati binasında təşkilatın seçki konfransı keçirilib. İmişli Rayon Ağsaqqallar Şurasının sədri Ramiz Əmirovun istefa təklifi səsə qoyulub və qəbul edilib. Daha sonra İmişli Rayon Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü Saleh Səmədovun təşkilatın sədri vəzifəsinə namizədliyi irəli sürülüb və o, Şuranın sədri seçilib.

2024-cü ilin əvvəlində İmişli Rayon Ağsaqqallar Şurasının inzibati binasında Sovet dönəmini simvolizə edən əşyalar olmayıb. Saleh Səmədovun sədr seçilməsindən sonra isə onun və digərlərinin otağında SSRİ liderlərindən biri olan İosif Stalinin büstü və SSRİ bayraqları nəzərə çarpır. Bu da onun Qələbə günü ilə bağlı çıxışında sinəsinə "Georgi lenti"ni heç də təsadüfən taxmadığından xəbər verir.

Rayonun Sarıxanlı kəndində 9 May Qələbə Günü tədbiri zamanı Böyük Vətən müharibəsi xatirə kompleksinin üzərində qaldırılan SSRİ bayrağından orada çox sayda olub. Bayraqlar isə S.Səmədovun açıqladığı kimi hansısa yerdən alınmayıb, əksinə, birbaşa onun göstərişi ilə tikilib.

Seçilən
0
34
publika.az

10Mənbələr