AZ

Vardanyanın məhkəməsi davam etdirilir

Azərbaycan Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi mayın 13-də davam etdirilib.

Publika.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) təqsirləndirilən şəxs bildiyi dildə, yəni, rus dilində tərcüməçi, habelə müdafiəsi üçün özünün seçdiyi vəkillə təmin olunub.

Hakim Zeynal Ağayev dindirmədən əvvəl məhkəmə prosesində ilk dəfə iştirak edən zərərçəkmiş şəxslərə qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib, onları məhkəmə tərkibi, tərcüməçilər, katiblər, dövlət ittihamçıları və digərləri ilə tanış edib.

Ardınca təqsirləndirilən Ruben Vardanyan müraciət edərək işə baxan hakimlər kollegiyasına etiraz etdiyini bildirib. Təqsirləndirilən şəxsin müdafiəçisi Avraam Berman etirazı müdafiə edib.

Dövlət ittihamçısı Təranə Məmmədova etiraza münasibət bildirərək təqsirləndirilən şəxsin cinayət-prosessual qanunvericilikə nəzərdə tutulan hüquqlarının təmin edildiyini, habelə müdafiə tərəfinin işə baxan məhkəmə kollegiyasının cinayət təqibində maraqlı olmasını təsdiq edən konkret sübutlar təqdim etmədiyini bildirərək etirazın baxılmamış saxlanılmasını məhkəmədən xahiş edib.

Prosesdə iştirak edən zərərçəkmiş şəxslər etirazın təmin olunmamasını məhkəmədən xahiş ediblər.

Məhkəmə vəsatətə baxmaq üçün müşavirəyə gedib. Müşavirədən sonra müdafiə tərəfinin etirazına dair məhkəmə qərarı elan edilib. Qərara əsasən, etiraz baxılmamış saxlanılıb. İclasa sədrlik edən Zeynal Ağayev qərarı əsaslandıran zaman vurğulayıb ki, müdafiə tərəfi Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən, işə baxan hakimlər kollegiyasının cinayət təqibində maraqlı olmasına dair konkret və mötəbər dəlillər təqdim etməyib.

Sonra zərərçəkmiş şəxslər məhkəmədə ifadə veriblər.

Zərərçəkmiş şəxs Emil Mehtiyev ifadəsində Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən genişmiqyaslı təxribat xarakterli hərəkətlər törədilməsinin qarşısını alarkən Ağdərə rayonu istiqamətində düşmən tərəfindən atılmış minaatan mərmilərinin yaxınlığına düşüb partlaması nəticəsində xəsarət aldığını bildirib.

Seçilən
0
11
publika.az

4Mənbələr