Bakıda Azərbaycan və Venesuela arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə tədbir keçirilib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, tədbirin təşkilatçısı Venesuelanın Azərbaycandakı səfirliyi olub.
Tədbirdə dövlət və hökumət strukturlarının, ölkədə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, Milli Məclisin deputatları, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.
Venesuelanın Azərbaycandakı səfiri Kristofer Martines Berroteran açılış nitqi ilə çıxış edərək məhz 30 il əvvəl, mayın 12-də Venesuela ilə Azərbaycan arasında dostluq və qarşılıqlı əməkdaşlıq yolunun başladığını söyləyib.
"Bu, xalqlarımızın rifahı naminə əldə olunan 30 illik nailiyyətlər idi. Coğrafi cəhətdən ölkələrimiz arasında böyük məsafə olmasına baxmayaraq, bizi daha da sıx işləməyə təşviq edən səmimi qardaşlıq hissi birləşdirir. Bu gün biz Venesuelanın Azərbaycanın COP29 sədrliyinə və iqlim dəyişikliyi ilə mübarizədəki liderliyinə dəstəyini bir daha təsdiqləyirik. Həmçinin Cənub-Cənub tərəfdaşlığı ruhunda ticarət və enerji kimi sahələrdə əməkdaşlığı daha da dərinləşdirməyə hazır olduğumuzu bildiririk", - diplomat qeyd edib.
Tədbirin rəsmi hissəsi Venesuela və Azərbaycanın musiqi əsərlərinin yer aldığı konsert proqramı ilə başa çatıb.
Qeyd edək ki, 30 illik yubileylə bağlı tədbirlər sabah Azərbaycan və Venesuela rəssamlarının rəsm əsərlərinin nümayiş olunacağı sərgi ilə davam edəcək.