AZ

Ağdam başda olmaqla bütün azad olunmuş ərazilər təhlükəsiz, abad məkana çevrilir – RƏY

İşğaldan azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq işləri regionun simasını tamamilə dəyişib.

NOCOMMENT.az xəbər verir ki, bu fikirləri “Report”a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva Prezident İlham Əliyevin Ağdama səfəri haqqında danışarkən deyib.

O xatırladıb ki, ölkə başçısının 10 may – Ulu Öndərin doğum günündə Ağdama səfəri zamanı növbəti inkişaf mərhələsinin şahidi olduq:

“Ağdamda Sarıcalıdan sonra artıq ikinci kənd – Kəngərli də tam bərpa olunub və doğma sakinlərin burada məskunlaşması üçün hər cür şərait yaradılıb. Bu, azad olunmuş ərazilərdə bərpa olunan 14-cü yaşayış məntəqəsidir.

Prezident İlham Əliyenin Kəngərli sakinləri ilə görüşdə də söylədiyi kimi, təkcə Ağdamda yox, demək olar ki, o vaxt işğal altında olan bütün torpaqlarda Ermənistan dövləti tərəfindən məqsədyönlü siyasət aparılırdı ki, heç vaxt azərbaycanlılar bu bölgəyə qayıtmasınlar. Çünki həm Ermənistan, həm də onun havadarları işğalın əbədi qalmasına çalışırdı. Amma onlar Azərbaycan xalqının heç vaxt işğalla barışmayacağını, Azərbaycan dövlətinin güc toplayaraq düşməni öz torpağından qovacağını hesablaya bilməmişdilər.

Ölkə başçısı bir daha bildirdi ki, siyasi iradə, iqtisadi güc, müstəqil siyasət, güclü ordu, vətənpərvərlik və milli ruhda tərbiyə olunan, bu torpaqları heç vaxt görməyən gənc nəsil bizim böyük Qələbəmizi şərtləndirdi. Azərbaycan elə bir tarix yazıb ki, son 5 ildir, hər kəs bundan danışır. Qarabağ və Şərqi Zəngəzurun yenilənən siması da dünyanın diqqətindədir”.

Deputat vurğulayıb ki, dünya həm də bu ərazilərin müharibə vaxtı deyil, işğal dövründə dağıdılması ilə bağlı reallıqdan xəbərdardır. Könül Nurullayevanın fikrincə, bu, erməni faşizminin bariz sübutudur:

“Prezident Ağdamda bir daha bəyan etdi ki, tezliklə bütün keçmiş məcburi köçkünlər öz torpaqlarına qayıdacaq. Ağdam şəhərində də bərpa-quruculuq işləri davam edir. Ağdam vağzal kompleksi, Muğam Mərkəzinin açılışı oldu. Muğam Mərkəzinin Ağdamda ilk layihələrdən biri kimi inşa edilməsi də təsadüfi deyil. Bu, xalqımızın mənəvi köklərə bağlılığını bir daha təsdiqlədi.

Təsadüfi deyil ki, yeddi il əvvəl Quzanlı qəsəbəsində Muğam Mərkəzinin açılışında incəsənət xadimlərilə görüşdə də Prezident İlham Əliyev bəyan etmişdi ki, biz ədaləti bərpa edəcəyik. Bu gün isə qalib xalq kimi biz Ağdam başda olmaqla torpaqlarımızın hər qarışının sahibiyik”.

K. Nurullayeva onu da qeyd edib ki, bərpa-quruculuq işləri çərçivəsində Şuşanı Xankəndi ilə birləşdirən “Kanat yolu” layihəsini dövlət başçısı ilk dəfə ictimaiyyətə açıqladı:

“Laçın və Kəlbəcərdə də eyni layihə var. Bu isə həm turizm baxımından, həm də insanların rahat gediş-gəlişi üçün çox gözəl bir vasitə olacaq.

Yəni, dövlət keçmiş məcburi köçkünlərin firavan və təhlükəsiz qayıdışını hərtərəfli təmin edir”.

Seçilən
0
1
nocomment.az

2Mənbələr