Demokratlar partiyasından olan konqresmen Riçi Torres ABŞ prezidenti Donald Trampa qarşı təhqiqat aparılmasına çağırıb. Buna səbəb Trampın Qətər kral ailəsindən hədiyyə olaraq təxminən 400 milyon dollar dəyərində Boeing 747-8 təyyarəsini qəbul etmək planları ilə bağlı xəbərlər olub.
Herbiand.az bu barədə Axios nəşrinə istinadən xəbər verir.
Nəşrin məlumatına görə, konqresmen ABŞ-ın bir neçə departamentinə sənədlər göndərib. Sənəddə “uçan saray”ın xarici hökumət tərəfindən prezidentə indiyə qədər təqdim edilən ən qiymətli hədiyyə olacağı qeyd edilib.
ABŞ prezidenti isə təyyarənin hədiyyə olaraq alınması ilə bağlı razılaşmanı “çox şəffaf” adlandırıb.
“Müdafiə Nazirliyinə pulsuz olaraq Boeing 747 təyyarəsinin verilməsi faktı... çox açıq və şəffaf bir sövdələşmədə vicdansız demokratları o qədər narahat edir ki, onlar bizim təyyarə üçün ən yüksək məbləği ödəməyimizdə israr edirlər”, - Tramp özünün Truth Social şəbəkəsində yazıb.
Axios daha əvvəl bildirib ki, Ağ Ev və Ədliyyə Nazirliyi belə nəticəyə gəliblər ki, hədiyyə heç bir rəsmi aktla müşayiət olunmadığı üçün rüşvət deyil. Baş prokuror Pem Bondinin hüquqi təhlili də müəyyən edib ki, təyyarənin qəbulu Konstitusiyanın xarici hədiyyələrə qadağasına zidd deyil.
Bəxtiyar CƏFƏRLİ