AZ

Ulu Öndərin müdrik həyat fəlsəfəsi daim böyük işləri ilə təsdiqlənib ŞƏRH

Bakı, 12 may, AZƏRTAC

Milli mənsubiyyəti ilə həmişə fəxr etmiş Ümummilli Lider Heydər Əliyevin həyatı, fəaliyyəti, Vətənə sıx bağlılığı, dövlətçilik təfəkkürünün təbliğinə xüsusi əhəmiyyət verməsi Azərbaycançılıq məfkurəsinin formalaşmasına güclü təsir göstərmişdir. Onun həyatının bütün dövrlərində, fəaliyyətinin bütün istiqamətlərində millətinə olan sevgisini, zamanında atdığı bütün addımlarının Azərbaycanın gələcəyinə kökləndiyini bu gün aydın şəkildə görürük. Sahib olduğumuz milli ideologiyanın müəllifi məhz Dahi Lider Heydər Əliyevdir. Milli ruhun yüksəldilməsi, milli özünüdərkin inkişafı, tarixi yaddaşımızın özümüzə qaytarılması, Azərbaycançılıq fəlsəfəsi kimi misilsiz fəaliyyətin də altında onun imzası var. O, milli məfkurənin zənginləşməsinə güclü təsir göstərmiş, gələcəkdə müstəqil dövlətçiliyin bərpası üçün əsaslı zəmin yaratmışdır. Dahi lider tərəfindən atılan uzaqgörən addımlardan biri də Azərbaycan dilinin Konstitusiyada dövlət dili kimi təsbit olunması idi. Məhz Heydər Əliyevin təşəbbüsü ilə 1978-ci il aprelin 27-də Azərbaycan SSR Konstitusiyasına “Azərbaycan SSR-nin dövlət dili Azərbaycan dilidir” maddəsi əlavə olunub. Bu, gələcəyə köklənən uzaqgörən siyasətin təzahürü idi. Bu amal uğrunda həmişə mübarizə aparan Dahi Lider ölkənin ziyalılarını, xalqı ana dilinin təbliğinə səsləyib, milli dildə nəşr edilən kitabların tirajlarının artırılması və bir sıra digər addımlarla ana dilinin daha da inkişaf etdirilməsinə təkan verib.

Bu sözləri AZƏRTAC-a açıqlamasında YAP Səbail rayonu “Neftçilər prospekti 24” ərazi təşkilatının sədri İmmiyə Zamanova söyləyib.

Onun sözlərinə görə, Ümummilli Lider hər zaman dilin yalnız müasir dövr üçün deyil, həm də gələcək nəsillərin kimliyinin formalaşması, həmçinin mənəvi dəyərlərin yaşadılması baxımından əhəmiyyətini xüsusi vurğulayırdı. Ana dili millətin həyatı və müqəddaratında vacib rol oynayır. Hər bir millət öz dilini qorumaqla öz mədəniyyətini, tarixini yaşadır, eyni zamanda, gələcəyini qoruyur. Bu proses yalnız bu gün üçün deyil, gələcək üçün də aktualdır, çünki bu, gələcək nəsillərin kimliyi və tarixi mədəniyyətlərinin yaşaması deməkdir. Çıxışlarının birində qeyd etdiyi kimi: “Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini, mədəniyyətini yaşadan, inkişaf etdirən onun dilidir”.

“Azərbaycan dövlətçilik tarixində müstəsna xidmətləri olan dahi ictimai-siyasi, dövlət xadimi, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əlirza oğlu Əliyevin anadan olmasının 102-ci ildönümüdür. Ulu Öndər Heydər Əliyev tarixin sınaqlarından keçən, hər sınaqda da itirdiyindən çox qazanan millətin gerçək Lideri idi. Onun müdrik həyat fəlsəfəsi daim böyük işləri ilə təsdiqləndi. Müasir Azərbaycan dövlətçiliyinin son yarım əsrlik tarixində əldə edilən uğurlar Heydər Əliyev şəxsiyyətinin dühası ilə işıqlandırılıb”, - deyə İmmiyə Zamanova vurğulayıb.

Seçilən
0
azertag.az

1Mənbələr