AZ

Qarabağ fövqəladə inkişaf və quruculuq məkanına çevrilib - ŞƏRH



Dövlət başçısı İlham Əliyev Azərbaycan tarixinə Qarabağı azad edən Müzəffər Ali Baş Komandan statusu ilə bərabər, həm də düşmənin xarabalığa çevirdiyi yurd yerlərimizi abadlaşdıran qurucu Prezident kimi möhür vurub. 44 günlük şanlı Vətən müharibəsində Baş Komandanın qələbə tvitlərini hər gün sevinclə gözləyən xalqımız bu gün də Prezidentin bölgəyə səfərlərini qürurla izləyir.

Ölkə başçısının Qarabağa son səfəri isə xüsusi rəmzi xarakter daşıyırdı. İllər öncə öz ad gününü məcburi köçkünlərlə qeyd edən dövlət başçısı bu dəfə Ümummilli lider Heydər Əliyevin doğum günündə Şuşada, Xocalıda və Ağdamda açılışlar etdi. Bu, həm də Şuşanın azad olunduğu gün Ulu öndərə qələbə raportu verərək müqəddəs ata vəsiyyətini yerinə yetirən liderin sistemli, dönməz dövlət və Vətən sevgisinin nümunəsi idi. Məhz Prezident İlham Əliyevin bu sevgisi dünyada analoqu olmayan Xalq-Lider birliyi yaradıb. Qarabağı azad edən bu birlik hazırda həmin torpaqları quruculuq meydanına çevirib. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad olunmuş ərazilərimizə səfəri qeyd olunanların təsdiqidir.

Azad edilmiş ərazilərin bərpası mərhələsində Prezident İlham Əliyev "Böyük Qayıdış" konsepsiyasını formalaşdıraraq prosesə şəxsən nəzarət edir. Bu konsepsiyanın əsas məqsədi keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına təhlükəsiz, mərhələli və davamlı şəkildə qayıdışını təmin etməkdir. Hazırda işğaldan azad edilmiş bölgələrdə yol-nəqliyyat infrastrukturu, enerji təminatı, sosial obyektlər və yaşayış sahələrinin tikintisi geniş vüsət alıb. Prezident İlham Əliyevin Qarabağa səfərləri təkcə infrastruktur layihələrinin açılışı ilə məhdudlaşmır, eyni zamanda, ictimai-siyasi mesaj daşıyır. Cənab Prezidentin səfər çərçivəsində iştirak etdiyi açılış mərasimləri, ölkənin siyasi yaddaşında və milli ideologiyasında strateji simvolların sistemli şəkildə istifadəsinin nümunəsidir. Postmüharibə dövründə Prezidentlə cəmiyyət arasında formalaşan güclü sosial-siyasi həmrəylik Qarabağ məsələsində milli konsensusun mövcudluğunu göstərir. Bu həmrəylik yalnız hərbi qələbə ilə deyil, həm də ardıcıl idarəetmə, şəffaf kommunikasiya və real nəticələrə əsaslanan dövlət siyasəti ilə izah oluna bilər. Prezident İlham Əliyevin Qarabağ siyasəti həm də regionun gələcəyini müəyyən edən strateji planlama, sosial reabilitasiya və siyasi simvolizmlə müşayiət olunur. Bu proses Azərbaycanın müasir dövlətçilik tarixində yeni bir mərhələnin – postmünaqişə quruculuğunun əsaslarını formalaşdırır və beynəlxalq praktika baxımından da diqqətəlayiq nümunədir.

Uzun illər işğal altında qalmış və "Qarabağın Xirosiması" adlandırılan Ağdamda muğam mərkəzin inşası Azərbaycan dövlətinin mədəniyyətə və milli kimliyə verdiyi önəmi göstərən əlamətdar hadisədir. Muğam Azərbaycan mədəniyyətinin ruhunu ifadə edən ən dəyərli musiqi janrlarından biridir. Onun daşıdığı fəlsəfi və estetik yük təkcə musiqi sənətindən ibarət deyil, eyni zamanda, xalqın tarixi yaddaşını, emosional dünyasını və mənəvi dirənişini özündə əks etdirir.

Muğamın Qarabağda, xüsusilə də Şuşada və Ağdamda dərin kökləri var. Məhz buna görə, Muğam Mərkəzinin Ağdamda inşası – mədəniyyətin işğaldan sonrakı reabilitasiyası baxımından xüsusi məna daşıyır. Bu baxımdan Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam Muğam Mərkəzinin açılışında iştirak edərək həm simvolik, həm də strateji bir addım atdılar. Bu, “Dövlət yalnız yollar və binalar inşa etmir, həm də ruhu bərpa edir” fikrinin də təcəssümüdür.

Bir sözlə, Prezident İlham Əliyevin Qarabağa bütün səfərləri kimi son səfəri də yeni layihələrin anonsunu verməklə yanaşı, həm də bölgənin gələcək inkişafına böyük ümidlər yaratdı. Bir zamanlar separtizm və barbarlıq məkanına çevrilmiş Qarabağ və Şərqi Zəngəzur ölkə başçısının rəhbərliyi ilə tək Cənubi Qafqazda deyil, bütün dünyada fövqəladə inkişaf və quruculuq məkanına çevrilib.

Rəşad Mahmudov,
Milli Məclisin deputatı,
YAP İdarə Heyətinin üzvü



Seçilən
0
2
aia.az

3Mənbələr