Berlin, 12 may, AZƏRTAC
Almaniyanın 60-dək şəhərində ifrat sağçı Almaniya üçün Alternativ (AfD) partiyasının bağlanması tələbi ilə etiraz aksiyaları keçirilib.
AZƏRTAC “Bild” qəzetinə istinadla xəbər verir ki, “AfD-yə qadağa!” şüarı ilə keçirilən aksiyaların ən böyüyü Berlin, Münxen və Hamburq şəhərlərində olub. Berlində əsas mitinq Brandenburq qapılarının qarşısında keçirilib.
Əsasən dinc şəraitdə keçən aksiyalarda iştirakçılar siyasətçiləri AfD-yə qarşı qətiyyətsiz fəaliyyət göstərməkdə, tərəddüd etməkdə ittiham ediblər. Etiraz aksiyalarında hökumətdən AfD-yə qarşı qadağa proseduruna başlanması tələbi irəli sürülüb. Qeyd olunub ki, qadağa siyasi yox, hüquqi məsələdir, lakin bunun üçün hərəkətə keçməli olan siyasətdir.
Qeyd edək ki, bir neçə gün əvvəl Almaniyanın daxili kəşfiyyat xidməti - Konstitusiyanı Mühafizə İdarəsi (Verfassungsschutz) gizli hesabatında AfD-ni rəsmi şəkildə “qəti sağ ekstremist” təşkilat kimi təsnif etmişdi. Lakin bu qiymətləndirmə hələlik məhkəmə qərarı ilə təsdiqlənməyib. Bu baxımdan aksiyalarda əsas tələb bəhanələrə son qoyulması və AfD-nin dərhal qadağan edilməsi olub.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin