Beyin qanamaları anadangəlmə patalogiya kimi də özünü göstərə bilər. Bəzi ölkələrdə daha çox rast gəlinir, məsələn Yaponiya və Finlandiyada rastgəlmə faizləri daha yüksəkdir. Bir sıra Avropa ölkələrində, o cümlədən Azərbaycanda orta statistika mövcuddur.
Ölkə.az xəbər verir ki, bunu Respublika Neyrocərrahiyyə Xəstəxanasının neyrocərrahı Elşən Hüseynzadə Azərtac-a açıqlamasında deyib.
Mütəxəssis bildirib ki, hamiləlik dövründə hormonal dəyişikliklər, təzyiq tərəddüdləri beyin qanamaları riskini artırmış olur.
"Xəstəliyin ən problemli tərəfi adətən 30-50 yaşlarda, insanın ən aktiv, çiçəklənən dövründə qeydə alınır. Vaxtında müdaxilə edilmədikdə ölüm faizi çox yüksəkdir. Əməliyyat etdiyimiz və sağalan xəstələrin çoxunda müşahidə edirik ki, onlar vaxtilə daha çox baş ağrılarından əziyyət çəkiblər. Ona görə də orta yaşlı insanlarda daimi baş ağrıları mövcuddursa, miqren, başqa tip baş ağrıları varsa, hər ehtimala qarşı MRT müayinəsindən keçmələri tövsiyə edilir.
Onu da qeyd edim ki, beyin qanamaları genetik də ola bilir. Həm ata, həm ana tərəfindən keçmə ehtimalı var", - E.Hüseynzadə bildirib.