AZ

"Sizin yardımınız xalqımızın könlünə məlhəmdir" - Mahmud Abbas

"Regionda dayanıqlı sülhə yalnız beynəlxalq hüququn prinsipləri - iki xalq üçün iki dövlətin yaradılması yolu ilə nail olmaq mümkündür..."
 
Rusiya prezidenti Vladimir Putin Kremldə nasizm üzərində Qələbənin 80 illiyinə həsr olunmuş tədbirlərdə iştirak etmək üçün Moskvaya gəlmiş Fələstin Administrasiyasının rəhbəri Mahmud Abbası qəbul edib.
 
Moderator.az xəbər verir ki, bu barədə "Vəfa" ərəb informasiya agentliyi məlumat verib. Məlumatı "kremlin.ru" nəşri yayıb.
 
Məlumatda deyilir ki, görüş zamanı Yaxın Şərqdəki vəziyyət müzakirə olunub. Abbas Putinə Qəzza bölgəsində və İordan çayının Qərb sahilində, o cümlədən Qüdsdə qadınlar, uşaqlar və qocalar da daxil olmaqla dinc əhalinin hədəfə alındığı hücumlar, infrastrukturun tamamilə dağıdılması və aclıq həddinə çatan müharibə barədə məlumat verib.
 
O, həmçinin Qəzza bölgəsində atəşkəsin dərhal elan edilməsinin və İsrailin işğalçı qüvvələri tərəfindən aparılan soyqırım xarakterli müharibənin dayandırılmasının zəruriliyini vurğulayıb. Abbas Qəzzaya təcili humanitar yardım - ərzaq, su, dərman və yanacaq çatdırılmasının həyati vacibliyini qeyd edib.
 
Öz növbəsində Kreml sahini qeyd edib ki, Qəzza bölgəsi humanitar fəlakət yaşayır, vəziyyətin pisləşməsinə isə bölgəyə elektrik enerjisi və zəruri malların tədarükünə qoyulan qadağalar səbəb olur. "İordan çayının Qərb sahilində də gərginlik artır, - Putin deyib. - Qəzza bölgəsi sözün əsl mənasında humanitar fəlakətlə üz-üzədir".
 
"Rusiya humanitar dəstəyin təmin edilməsi və Yaxın Şərq münaqişəsinin sülh yolu ilə tənzimlənməsinin bərpası üçün daim çağırış edir, -  Rusiya prezidenti vurğulayıb. Təəssüf ki, vəziyyət getdikcə pisləşir. Mən indi humanitar böhrandan, fəlakətdən danışdım. Əlbəttə, bu vəziyyəti daha da ağırlaşdıran səbəblərdən biri də humanitar yardımın belə qarşısının alınması, Qəzza bölgəsinə zəruri mallar və elektrik enerjisi çatdırılmasına qoyulan qadağalardır. Bu, xüsusilə narahatlıq doğurur".
 
Kremlin saytının verdiyi məlumata əsasən, Putin Rusiya Federasiyasının Fələstin xalqının dostu kimi daima yardım göstərməyə çalışdığını vurğulayıb. Onun sözlərinə görə, ötən il ərzində ehtiyac içində olanlara ərzaq, dərman və zəruri əşyalar daxil olmaqla 800 tondan çox yardım göndərilib.
 
"Biz həmişə inanmışıq ki, regionda dayanıqlı sülhə yalnız beynəlxalq hüququn qəbul olunmuş prinsipləri əsasında - iki xalq üçün iki dövlətin yaradılması yolu ilə nail olmaq mümkündür", - Putin əlavə edib.
 
Mahmud Abbas isə Rusiya prezidentini əmin edib ki, onun rəhbərlik etdiyi Fələstin Administrasiyası Qəzza bölgəsində atəşkəsin əldə olunmasına və humanitar məsələlərin həllinə çalışır.
 
"Hazırda biz çox çətin bir dövrü keçiririk - həm hərbi vəziyyət, həm də atəşkəsə dair məsələlər bu çətinliklərə səbəb olur, - Abbas bildirib. - Bu, həm Qəzza bölgəsini, həm də İordan çayının Qərb sahilini əhatə edir. Biz atəşkəs və humanitar məsələlərin həllini istəyirik".
 
Mahmud Abbas həmçinin Putinə 30 min ton buğda yardımı üçün xüsusi təşəkkürünü bildirib. "Sizin göstərdiyiniz yardım xalqımızın könlünə məlhəmdir, - Abbas minnətdarlıqla vurğulayıb. - Xalqımız bu yardımı yüksək qiymətləndirir və sizə dərin təşəkkürünü bildirir".
 
Qeyd edək ki, Putinlə Abbasın əvvəlki görüşü 2024-cü ilin oktyabrında - BRİKS sammiti çərçivəsində baş tutub.
Seçilən
0
moderator.az

1Mənbələr