Kurban Berdiyev də utanarmış!
73 yaşında bunu da onun dilindən eşitdik.
Bəlkə də birinci və sonuncu dəfə.
«Turan Tovuz» batmaq üzrə olan gəmidir. Nəticə klubun güzgüsüdür.
Klub necə idarə olunursa, komanda da o cür idarə olunur. Tam bir fisko!
Berdiyev «Neftçi»yə məğlubiyyəti xarakterizə etməyə başqa söz tapmayıb. Rəqibin qələbəyə layiq olduğunu söyləməklə kifayətlənib.
Tovuzlu azarkeşlərdən utandığını bura əlavə edib. Əlindəki heyətin avrokuboklar üçün yetərsiz olduğunu deməklə bərabər.
Utandım. Hə, bitdi? Bununla söhbət bağlandı?
Demə…
Deməsən də olmur. Ehtiram Quliyev təcili radikal qərar verməsə, «Turan Tovuz»u növbəti rüsvayçılıqlar gözləyir.
Konfrans Liqası Premyer Liqa deyil, orada böyükhesablı məğlubiyyətlər qaçılmazdır.
Kurban Berdiyev komandanı lazımsız oyunçularla doldurub. Qış fasiləsindən sonra alınan futbolçuların əksəriyyətinin yeri zibil yeşiyidir.
«Turan» futbol oynamır. Berdiyev futbolla oynayır.
Ehtiram Quliyev bu mənzərə xoşdursa, qoy, bu baş məşqçi ilə hələ uzun müddət yol getsin. Eybi yox, Berdiyev son mənzilə də onun çiynində gedər.
Ehtiram Quliyev klubda rəhbər sayılır. Hər halda kağız üzərində İdarə Heyətinin sədridir. Ancaq o, bunu əməli ilə təsdiqləmir.
Uğursuzluğa görə azarkeşlərdən utandığını söyləyən Kurban Berdiyevdən hesabat tələb etmirsə, yaxşısı budur, vəzifəsi ilə vidalaşsın, daha çıxıb mediaya böyük-böyük açıqlamalar verməsin.
Kənardan çox pis görünür e!
Futbolçu nə vaxt görəcək ki klubun rəhbəri var və o, Berdiyevə sözünü deyir, deməyi bacarır, onda da «Turan» bu vəziyyətdən çıxacaq.
Baş məşqçinin yaşı və adı altında bir belə əzilmək olmaz!
Fərz edək ki, Kurban Berdiyev həqiqətən utanc hissi keçirir. Ehtiram Quliyev bəs?
Onun necə «Turan»ın bugünə düşməsinə görə içi sızıldayırmı?
KAMİL